Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 9-da "Beynəlxalq Təhsil Kuboku" uğrunda şahmat üzrə onlayn turnir başlayıb.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisinin gənclər və idman komitəsinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda 17 yaşadək şahmatçılar iştirak edirlər.
Turnir www.chess.com internet portalı üzərindən keçirilir.
Beynəlxalq “Təhsil” kuboku seçmə mərhələ və final mərhələsindən ibarətdir.
Mayın 9-da keçirilən seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar iştirak edir. Bu mərhələdə ilk 30 yeri tutan şahmatçılar finala vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2400-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsinə qoşulacaqlar.
Yarışın qalibləri “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.
Təhsil nazirinin müavini Firudin Qurbanov yarış iştirakçılarını təbrik edərək, onlara uğurlar arzu edib.
