Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində keçirilən 44 günlük pulsuz hüquqi yardım aksiyası çərçivəsində “Açıq qapı” günləri yekunlaşıb.
E-huquq.az xəbər verir ki, sentyabrın 27-də start verilən aksiya çərçivəsində vətəndaşlara müxtəlif ünvanlarda pulsuz hüquqi yardım göstərilib.
Belə ki, ötən həftə ərzində Bakı şəhəri 25, 26 və 27 saylı Vəkil büroları tərəfindən “Açıq qapı” günləri təşkil olunub.
Bundan başqa, 8 Noyabr – Zəfər Günü münasibətilə VK tərəfindən respublika üzrə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası – “Açıq qapı” günü keçirilib.
Noyabrın 6-da təşkil olunan aksiya çərçivəsində “Pro Bono”, Bakı şəhəri 10 saylı, Gəncə Regional, Şəki Regional, Şirvan Regional və Mingəçevir şəhər Vəkil bürolarının vəkilləri vətəndaşlara pulsuz hüquqi yardımlar göstəriblər.
Aksiyalar zamanı ümumilikdə 100-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktların müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil məsələləri və digər sosial problemlərlə bağlı olub. Müraciətlər əsasında vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri hüquqi sənədlər, o cümlədən yazılı ərizələr hazırlanıb.





































