Məzmuna keç

Qarabağın bərpasına indiyədək 26 milyard manat ayrılıb

İndiyədək işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.

O bildiirb ki, son illər həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında ciddi irəliləyişlər qeydə alınıb.

“Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Doğrudur, Qarabağ iqtisadi rayonu yalnız işğaldan azad olunan ərazilərimizi əhatə etmir. Amma işğaldan azad olunan və bərpa edilən ərazilərimizdə xüsusi iqtisadi inkişaf müşahidə edilməkdədir. Belə ki, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17,4 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur”, – deyə deputat qeyd edib.

V.Bayramovun sözlərinə görə, Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyüb. İnşaat sektorundakı canlanma iqtisadiyyata yeni dəyər qatmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına da xidmət etməkdədir: “2 gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonun da daxil olduğu Şərqi Zəngəzurun iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoyub. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var. Qarabağda olduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonumuzda da geniş tikinti işləri müşahidə edilir. Bu iqitsadi rayonumuzda tikinti sektorunun həcmi 4 milyard manata yaxınlaşmaqdadır. Göründüyü kimi, Qarabağ Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir. Bu həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir”.

Şəbnəm Mehdizadə