İndoneziyada aylardır davam edən meşə yanğınları nəticəsində 333 mindən çox kəskin respirator infeksiya (KRİ) halı qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın Səhiyyə Nazirliyi ölkənin müxtəlif bölgələrində aylarla davam edən meşə yanğınları ilə əlaqədar son 24 saat ərzində daha 4 min 522 kəskin respirator infeksiya halının aşkarlandığını açıqlayıb.
Nazirliyin Ətraf Mühit Sağlamlığı üzrə direktoru Then Suyanti bildirib ki, xüsusilə Cənubi Sumatra, Qərbi Kalimantan və Cənubi Kalimantan əyalətləri başda olmaqla, yanğınlardan təsirlənən bir sıra bölgələrdə havanın keyfiyyəti təhlükəli həddədir.
Onun sözlərinə görə, meşə yanğınları ilə əlaqəli respirator infeksiya hallarının ümumi sayı ölkə üzrə 333 min 470-ə çatıb. Suyanti uşaqların, yaşlıların, hamilə qadınların, eləcə də astma və xroniki obstruktiv ağciyər xəstəliyindən (KOAH) əziyyət çəkən şəxslərin xüsusi diqqətdə saxlanıldığını vurğulayıb.
Rəsmı qeyd edib ki, hökumət yanğınlarla əlaqəli kəskin respirator infeksiyaların, pnevmoniyanın, astmanın, həmçinin göz və dəri qıcıqlanmalarının yayılmasını yaxından izləyir. Yanğınlardan zərər çəkən bölgələrin dərman preparatları, tibbi ləvazimatlar və avadanlıqlarla təmin edilməsi də diqqət mərkəzindədir.
Hökumətin məlumatına görə, İndoneziyada avqust-sentyabr aylarında baş verən yanğınların söndürülməsinə 54 min 394 nəfər cəlb olunub.
Cənub-Şərqi Asiyanın bir sıra ölkələri İndoneziyada son illərin ən böyük yanğınları səbəbindən həftələrdir sıx tüstü altında qalır.
Yanğınların nəzarətdən çıxmasının əsas səbəblərindən biri kənd təsərrüfatı torpaqları əldə etmək məqsədilə bitki örtüyünün yandırılması üsulunun uzun illərdir tətbiq olunmasıdır. Yağıntıların azalmasına səbəb olan El Nino iqlim hadisəsi isə vəziyyəti daha da ağırlaşdırır.
İndoneziyanın Meşə Nazirliyinin məlumatına əsasən, ilin yanvar-iyul aylarında ölkədə yanğınlar nəticəsində 202 min hektardan çox ərazi zərər görüb.
İndoneziyada fəaliyyət göstərən İqtisadiyyat və Hüquq Araşdırmaları Mərkəzinin apardığı araşdırmada isə bu il baş verən yanğınların ölkə iqtisadiyyatına vurduğu zərərin 1,7 milyard dollara çata biləcəyi bildirilib.
Şəbnəm Mehdizadə
