Məzmuna keç

Polşada Konstitusiya Məhkəməsinin vəzifədən uzaqlaşdırılmış rəhbərinin binaya girişi qadağan edildi

Polşada Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra etməkdən uzaqlaşdırılmış Boqdan Sventskovskinin və onun müavini Bartolomey Soxanskinin məhkəmə binasına daxil olması qadağan edilib.

E-huquq.az xəbər verir ki, müvafiq qərarı məhkəmənin rəhbərliyini müvəqqəti üzərinə götürdüyünü elan etmiş Anna Korvin-Piotrovska verib.

Qərarda bildirilir ki, Sventskovski və Soxanski məhkəmə binasına daxil ola bilməzlər. Digər hakimlər isə binaya girişin vaxtını və şərtlərini əvvəlcədən razılaşdırmalıdırlar.

Yerli medianın məlumatına görə, oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı Sventskovski Konstitusiya Məhkəməsinin binasına daxil olmağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Polşada Konstitusiya Məhkəməsinin rəhbərliyi ətrafında siyasi-hüquqi qarşıdurma davam edir. Prezident Karol Navrotski məhkəmə rəhbərliyinin dəyişdirilməsini qanunsuz hesab edir, Baş nazir Donald Tusk isə bu addımları qanunun aliliyinin bərpası ilə əlaqələndirir.