Kanadanın Britaniya Kolumbiyası əyalətinin Bella Kula bölgəsində ana və qızı ayı hücumu nəticəsində həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətli şəxslər hadisədə birdən çox qrizli ayısının iştirak etmiş ola biləcəyini istisna etmirlər.
Müfəttiş Ceff Tayr bildirib ki, hadisə nəticəsində həyatını itirən şəxslərin incəsənət terapevti Cenni Balkarras və onun 20 yaşlı qızı Sela Rid olduğu bildirilir. Ailə üzvləri bazar günü onların itkin düşməsi barədə məlumat veriblər. Qohumlarından Meri Melissa Smitin sözlərinə görə, Balkarras həyatında yeni səhifə açmaq məqsədilə yaxın vaxtlarda Bella Kulaya köçüb. Onun üç övladı və bir nəvəsi olub.
Onun sözlərinə görə, hücumda neçə ayının iştirak etdiyi hələlik məlum deyil. Müfəttiş Ceff Tayr hücumda iştirak etmiş ayıların tutulması istiqamətində əməliyyatların davam etdiyini bildirib. Onun sözlərinə görə, ictimai təhlükəsizliyi təmin etmək məqsədilə tutulan heyvanlara müvafiq qaydalara uyğun olaraq evtanaziya tətbiq ediləcək.
Qeyd edək ki, bu hadisə təxminən bir il əvvəl eyni bölgədə baş vermiş başqa bir ayı hücumundan sonra qeydə alınıb. Ötən ilin noyabrında baş verən həmin hadisədə 20 ibtidai sinif şagirdi və onların müəllimi ayının hücumuna məruz qalmışdı. Nəticədə bir böyük və üç uşaq ciddi xəsarət almışdı. Hücumu törədən ayı isə indiyədək tutulmayıb.
Səlahiyyətli qurumlar sakinləri hücumun baş verdiyi ərazidən uzaq durmağa çağırıblar.
Şəbnəm Mehdizadə
