Məzmuna keç

Çin hərbi təyyarələri Tayvan ətrafında 21 uçuş həyata keçirib

Çinə məxsus hərbi təyyarələr Tayvan adası ətrafında 21 uçuş həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, bombardmançı və dəstək təyyarələri, qırıcılar, eləcə də helikopterin daxil olduğu hərbi hava vasitələrinin dünəndən bu gün səhər saatlarınadək ada ətrafında 21 uçuşu qeydə alınıb.

Uçuşların 19-nun Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən orta xətti keçdiyi bildirilib.

Həmin uçuşlar Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası” elan etdiyi ərazinin şimal, mərkəz, cənub-qərb və şərq hissələrində həyata keçirilib.

Məlumata görə, Çinə məxsus 8 hərbi və 8 rəsmi gəmi də ada ətrafında hərəkət edib. Tayvan ordusu vəziyyəti izlədiyini, patrul təyyarələri, hərbi gəmilər və sahil raket sistemlərini işə salaraq buna cavab verdiyini açıqlayıb.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir. Ada 1949-cu ildən faktiki olaraq müstəqil idarə olunur. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranmış siyasi ayrılıq və suverenlik mübahisəsi davam edir.

Şəbnəm Mehdizadə