Məzmuna keç

“Aydın Axundov ömrünü şərəfli vəkillik peşəsinə sədaqətlə xidmətə həsr edib” – Anar Bağırov

“Aydın müəllim ömrünü şərəfli vəkillik peşəsinə sədaqətlə xidmətə həsr etmiş, uzun illər Vəkillər Kollegiyasının rəhbərliyində təmsil olunaraq Azərbaycan vəkilliyinin inkişafına, möhkəmlənməsinə və nüfuzunun yüksəldilməsinə dəyərli töhfələr vermişdir”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə sədr müavini Aydın Axundovun 70 illik yubileyi münasibətilə paylaşımında deyib.

“Əziz və dəyərli həmkarlar!

Xalqımızın böyük qürur və sevinc hissi ilə Zəfər Gününü və Dövlət Bayrağı Gününü qeyd etdiyi bu əlamətdar günlərdə doğma vəkillər ailəmizdə daha bir gözəl bayram var — hamımızın sevimlisi, dərin hörmət və ehtiram bəslədiyimiz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundovun bu gün yubileyidir – 70 yaşı tanam olur!

Aydın müəllim ömrünü şərəfli vəkillik peşəsinə sədaqətlə xidmətə həsr etmiş, uzun illər Vəkillər Kollegiyasının rəhbərliyində təmsil olunaraq Azərbaycan vəkilliyinin inkişafına, möhkəmlənməsinə və nüfuzunun yüksəldilməsinə dəyərli töhfələr vermişdir. Doğma Kollegiyamızın uğurları və tərəqqisi onun üçün hər zaman xüsusi qürur mənbəyi, həyatının ən mühüm amallarından biri olmuşdur.

Əziz və hörmətli Aydın müəllimi bu əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, tükənməz enerji və könül xoşluğu arzulayıram!

Arzum budur ki, Aydın müəllim hələ uzun illər özünəməxsus gümrahlığını, nikbinliyini və həyat eşqini qoruyub saxlasın, hər zaman olduğu kimi, həmkarlarının sevgi və ehtiramı ilə əhatə olunsun, ömrünü həsr etdiyi doğma Vəkillər Kollegiyasının yeni-yeni uğurlarının sevincini yaşasın!

Yubileyiniz mübarək, əziz Aydın müəllim! Allah Sizə uzun ömür, möhkəm cansağlığı və daim üzünüzdən təbəssüm əskik olmayan xoşbəxt illər nəsib etsin!”, – deyə Anar Bağırov bildirib.