Məzmuna keç

Böyük Britaniyada uşaqlar üçün sosial media qadağası genişlənir

Böyük Britaniyada 16 yaşdan kiçik uşaqların müdafiəsi məqsədilə hazırlanması nəzərdə tutulan sosial media qadağasının əhatə dairəsi gözləniləndən daha geniş ola bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təklif olunan yeni qaydalar “YouTube Kids”, “Spotify”, “eBay” və “Lego Play” kimi uşaqların və geniş ictimaiyyətin istifadə etdiyi populyar platformaları da əhatə edə bilər.

Hökumətin mart ayında tətbiq etməyi planlaşdırdığı qadağa uşaqların məhdudiyyətlərdən yayınaraq alternativ platformalara üz tutmasının qarşısını almaq məqsədilə geniş çərçivədə hazırlanır. Britaniya rəsmiləri xüsusilə istifadəçi tərəfindən yaradılan məzmunları və tövsiyə alqoritmlərindən istifadə edən sistemləri hədəf alır.

Bu yanaşma ənənəvi mənada sosial şəbəkə hesab edilməyən, lakin tövsiyə mexanizmlərinə malik musiqi platformaları və oyun saytlarının da yeni məhdudiyyətlərin əhatəsinə düşməsi ehtimalını artırır.

Texnologiya şirkətləri və sənaye birlikləri qanun layihəsinin əhatə dairəsinin həddindən artıq geniş olduğunu bildirirlər. Platforma nümayəndələrinin fikrincə, tövsiyə alqoritmlərinin ləğvi “YouTube Kids” və “Spotify” kimi xidmətlərin əsas funksiyalarını itirməsinə səbəb ola bilər.

Şirkətlər qaydaların praktik şəkildə tətbiq edilə bilməsinin vacibliyini vurğulayır, eyni zamanda elektron ticarət saytları ilə mesajlaşma funksiyasına malik tətbiqlərə münasibətdə yaranan ziddiyyətlərə diqqət çəkirlər.

Hökumət isə zərərli və ya asılılıq yaradan alqoritmləri aradan qaldıran platformaların məhdudiyyətlərdən kənarda qala biləcəyini bildirir.

Mədəniyyət Nazirliyi və Baş nazirlik tərəfindən son redaktəsi aparılan qaydaların bu həftə Nazirlər Kabinetinin təsdiqinə təqdim edilməsi, dekabr ayında isə parlamentə çıxarılması gözlənilir.

İlkin mərhələdə mart ayında tətbiq olunması planlaşdırılan qadağadan sonra gələn yaz aylarında ikinci tənzimləmə mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə “Vinted” və “eBay” kimi elektron ticarət platformalarının da məhdudiyyətlərə cəlb edilməsi gündəmə gələ bilər.

Rəsmilər həmin platformalardakı mesajlaşma imkanlarının və istifadəçilərin tanımadıqları şəxslərlə əlaqə qurmasının uşaqlar üçün risk yarada biləcəyini qeyd edirlər.

Pərakəndə ticarət sektorunun nümayəndələri isə təklif olunan dəyişikliklərlə bağlı narahatlıqlarını ifadə edirlər. Qanunvericilik təşəbbüsünün yekun əhatə dairəsinin necə müəyyənləşdiriləcəyi texnologiya və ticarət sektorları tərəfindən diqqətlə izlənilir.

Şəbnəm Mehdizadə