ABŞ ordusunda xidmət edən 41 yaşlı hərbçi Rusiya lehinə casusluq etməkdə şübhəli bilinərək İngiltərədə polis tərəfindən saxlanılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək rütbəli hərbçi çərşənbə axşamı Qloster şəhəri yaxınlığında ABŞ rəsmiləri, ABŞ ordusu və Federal Təhqiqat Bürosunun (FBI) iştirakı ilə aparılan birgə əməliyyat çərçivəsində saxlanılıb. Şübhəlinin Londondakı polis bölməsində nəzarət altında saxlanıldığı bildirilir.
Adı açıqlanmayan hərbçinin 2023-cü il tarixli Milli Təhlükəsizlik Qanunu çərçivəsində nəzərdə tutulan cinayətlərdə şübhəli bilindiyi qeyd olunur. İttihamların qorunan məlumatların əldə edilməsi və ya açıqlanması, eləcə də xarici kəşfiyyat xidmətinə yardım göstərilməsi ilə bağlı olduğu bildirilir.
Polis araşdırma çərçivəsində Qlosterşir bölgəsində iki ayrı ünvanda axtarış aparıldığını açıqlayıb.
Saxlanılan hərbçinin Qlosterşir bölgəsinin İnsvort ərazisində yerləşən və NATO-nun Müttəfiq Çevik Reaksiya Korpusu Qərargahına ev sahibliyi edən İmcin hərbi bazasında xidmət etdiyi təsdiqlənib.
Terrorla mübarizə polisi üzrə baş milli koordinator Viki Evans saxlanılmanın Britaniya və ABŞ qurumları arasında sıx əməkdaşlıq nəticəsində həyata keçirildiyini bildirib. O, irəli sürülən iddiaların ciddi xarakter daşıdığını və araşdırmanın davam etdiyini vurğulayıb.
FBI direktoru Kaş Patel isə ABŞ-a verdikləri andı pozan şəxslərə qarşı güzəştə gedilməyəcəyini bəyan edib. Onun sözlərinə görə, son 21 ay ərzində casusluq hallarının sayı 53 faiz artıb.
ABŞ Ordusunun Əks-kəşfiyyat Komandanlığının rəhbəri, briqada generalı Şon Stinçon da hadisənin daxili təhlükələrin real olduğunu bir daha nümayiş etdirdiyini bildirib.
Şəbnəm Mehdizadə
