ABŞ-nin Los-Anceles şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində azı 3 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles Polis İdarəsinin sosial şəbəkə hesabında yayılan açıqlamaya görə, hadisə axşam saatlarında metro stansiyasının yaxınlığında baş verib. SUV tipli avtomobil insanların toplaşdığı əraziyə daxil olaraq azı 6 piyadanı vurub.
İlkin araşdırmalar nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, daha 3 nəfərin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi müəyyən edilib.
Xəsarət alan sürücü də xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Los-Anceles Polis İdarəsinin rəisi Uorner Kastilyo hadisə yerində jurnalistlərə açıqlamasında 60 yaşlarında olan sürücünün hadisə zamanı hər hansı maddənin təsiri altında olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq testlərin aparıldığını bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə
