Məzmuna keç

Azərbaycan hakimləri Pakistanda beynəlxalq təlimdə iştirak ediblər – FOTO

Hakimlər və Məhkəmə-Hüquq Şurasının nümayəndələri 2026-cı ilin 2–6 noyabr tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində “Ədalət mühakiməsi sahəsində süni intellektdən məsuliyyətli istifadə” mövzusunda keçirilən beynəlxalq təlimdə iştirak ediblər.

E-huquq.az xəbər verir ki, təlim Pakistanın Hüquq və Ədliyyə Nazirliyi ilə Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin (IMAC) birgə təşkilatçılığı ilə Azərbaycan və Pakistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı və institusional potensialın gücləndirilməsi məqsədilə təşkil olunub. Təlimə Azərbaycanla yanaşı, Çin, Türkiyə, Özbəkistan və Banqladeşdən olan nümayəndələr də qatılıblar.

Beş gün davam edən təlimin əsas məqsədi süni intellekt texnologiyalarının ədalət mühakiməsində tətbiqi imkanlarının araşdırılması, bu sahədə beynəlxalq təcrübə mübadiləsinin aparılması, eləcə də müasir texnologiyalardan istifadə ilə bağlı hüquqi, etik və institusional məsələlərin müzakirəsi olub.

Proqram çərçivəsində süni intellektin məhkəmə idarəçiliyində tətbiqi, məhkəmə qərarlarının nəticələrinin proqnozlaşdırılması və keyfiyyətinin monitorinqi, məhkəmə işlərinin hərəkətinin və hakimlərin iş yükünün səmərəli idarə olunması, həmçinin süni intellekt sistemlərinin satın alınması və təchizatçılarla münasibətlərin tənzimlənməsi məsələlərinə dair təqdimatlar keçirilib.

Bununla yanaşı, Pakistanın müvafiq dövlət qurumlarının nümayəndələrinin, informasiya texnologiyaları üzrə mütəxəssislərin və hüquq sahəsində ekspertlərin iştirakı ilə keçirilən sessiyalarda süni intellektin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mümkün töhfələri, eləcə də bu texnologiyaların tətbiqi ilə bağlı hüquqi və institusional məhdudiyyətlər müzakirə olunub.

Xüsusilə hakimlərin müstəqilliyinin və insan hüquqlarının qorunması, alqoritmik risklərin qarşısının alınması, fərdi məlumatların mühafizəsi, məxfiliyin və kibertəhlükəsizliyin təmin edilməsi, eləcə də süni intellekt sistemləri üzərində insan nəzarətinin saxlanılması məsələlərinə diqqət yetirilib. Təlim iştirakçılara müxtəlif ölkələrin təcrübələri ilə tanış olmaq və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaradıb.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib, müasir texnologiyaların məhkəmə sistemində məsuliyyətli tətbiqi üzrə beynəlxalq təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu cür təşəbbüslər Azərbaycan və Pakistan arasında məhkəmə-hüquq sahəsində dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə, eləcə də ədalət mühakiməsinin rəqəmsal transformasiyası istiqamətində peşəkar bilik və bacarıqların artırılmasına töhfə verir.