Məzmuna keç

Alman PUA istehsalçısı “Quantum Systems” şirkətinə kiberhücum edilib

Almaniyada fəaliyyət göstərən pilotsuz uçuş aparatları (PUA) istehsalçısı “Quantum Systems” şirkətinin korporativ şəbəkəsinə kiberhücum təşkil edildiyi və yeniləmə serverinə zərərli proqram təminatının yerləşdirildiyi bildirilir.

E-huquq.az xəbər verir ki, “Der Spiegel” jurnalının təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, şəxsiyyəti hələ müəyyənləşdirilməyən hakerlər Almaniya Silahlı Qüvvələrinin (“Bundesver”) təchizatçıları arasında yer alan, Münhendə yerləşən şirkətin korporativ şəbəkəsinə sızaraq “Qbase” missiya planlaşdırma proqramı üçün hazırlanmış yeniləməyə zərərli proqram yerləşdiriblər.

Məlumata əsasən, mümkün təhlükələrin qarşısını almaq məqsədilə Almaniya ordusu hücumdan sonra “Quantum Systems” tərəfindən istehsal olunan PUA-ların istismarını müvəqqəti dayandırıb.

“Quantum Systems” şirkətindən verilən açıqlamada 2026-cı ilin oktyabr ayının sonunda kibertəhlükəsizlik insidentinin aşkarlandığı bildirilib. İlkin araşdırmaların hadisənin düşmən aktorlar tərəfindən həyata keçirilən aktiv kiberhücum olduğunu göstərdiyi qeyd olunub.

Açıqlamada həmçinin informasiya texnologiyaları və təhlükəsizlik qruplarının səlahiyyətli qurumlarla əməkdaşlıq çərçivəsində çalışaraq təhlükəni nəzarət altına aldıqları vurğulanıb.

Ukraynaya da uzun müddətdir PUA tədarük edən “Quantum Systems”in bu ölkədə istehsal müəssisələri və yerli istehsalçılarla birgə müəssisələri fəaliyyət göstərir.

Şirkətin hazırladığı “Qbase” proqram təminatı Almaniya Silahlı Qüvvələrinin də istifadə etdiyi “Vector” kəşfiyyat PUA-sının uçuşlarının planlaşdırılması üçün tətbiq olunur.

Kiberhücumun arxasında hansı qüvvələrin dayandığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Şəbnəm Mehdizadə