Avropa Kosmik Agentliyinin (ESA) kainatın ən böyük üçölçülü xəritəsini yaratmaq məqsədilə həyata keçirdiyi “Euclid” missiyası ilk genişmiqyaslı məlumat toplusunda 900 milyondan çox qalaktikanı və minlərlə qravitasiya linzalanması namizədini üzə çıxarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Edinburq Universitetinin professoru Endi Teylor bildirib ki, “Euclid” yüksək təsvir keyfiyyətini səmanın genişmiqyaslı müşahidələri ilə birləşdirərək astronomiya sahəsində mühüm texnoloji irəliləyişə nail olub.
Missiya çərçivəsində əldə edilən və xəritələnməsi nəzərdə tutulan ümumi ərazinin hələlik 14 faizini əhatə edən ilk məlumat toplusunda 900 milyondan çox qalaktika, eləcə də superkütləli qara dəliklərin fəaliyyəti nəticəsində yaranan 60 milyondan çox mümkün kvazar aşkarlanıb.
Əldə olunan görüntülər insan gözünün fərdi şəkildə təhlil edə bilməyəcəyi qədər böyük məlumat həcmini əhatə edir.
Məlumatlar arasında ön plandakı qalaktikanın kütləsinin arxada yerləşən uzaq qalaktikadan gələn işığı əyməsi nəticəsində yaranan güclü qravitasiya linzalanması hadisələri də yer alır.
Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə izah edilən bu hadisə ön plandakı qalaktikanın ümumi kütləsinə töhfə verən qaranlıq maddənin təsiri ilə daha da güclənir.
Alimlər minlərlə yeni qravitasiya linzalanması nümunəsini araşdıraraq qaranlıq maddənin kainatda necə paylandığını, hansı strukturlar yaratdığını və xüsusiyyətlərinin nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışırlar.
Gələn yay aylarında açıqlanması gözlənilən yeni məlumat toplusunun isə zəif qravitasiya linzalanması təhlilləri vasitəsilə kainatdakı qaranlıq maddənin paylanmasını daha dəqiq şəkildə ortaya qoyacağı gözlənilir.
Şəbnəm Mehdizadə
