“Microsoft” ABŞ, Yaponiya, Sinqapur, Böyük Britaniya və Avstraliya da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində on minlərlə istifadəçiyə təsir edən genişmiqyaslı texniki nasazlığı aradan qaldırmağa çalışır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bağlantı problemləri səbəbindən “Teams”, “Outlook” və şirkətin süni intellekt əsaslı “Copilot” platforması başda olmaqla, bir sıra “Microsoft 365” tətbiqlərinin fəaliyyətində fasilələr yaranıb.
Nasazlıqdan təsirlənən istifadəçilər “Outlook” elektron poçt xidmətinin də daxil olduğu “Microsoft Exchange Online” platformasına qoşulmaqda çətinlik çəkirlər.
“Microsoft”un məlumatına görə, istifadəçilər təqvim tətbiqlərində bəzi faylları və məlumatları görə bilməyə bilərlər. Bununla belə, mesajlaşma və onlayn görüş funksiyalarının böyük ölçüdə fəaliyyətini davam etdirdiyi bildirilir.
Xidmətlərdəki nasazlıqları izləyən “Downdetector” platformasının məlumatına əsasən, “Microsoft” sistemlərindəki problem təxminən bir saat ərzində 74 ölkədə qeydə alınıb.
Cümə axşamı GMT vaxtı ilə saat 16:15-dən az sonra başlayan problemlər nəticəsində “Outlook”la bağlı qlobal nasazlıq bildirişlərinin sayı saat 18:00 radələrində təxminən 140 minə çatıb. Bu göstərici adi səviyyədən 2 min dəfədən çox olub.
“Downdetector”un məlumatında ən azı 8 saat davam edən nasazlıqdan 28 mindən çox istifadəçinin təsirləndiyi qeyd olunub.
Bundan sonra “Microsoft” sosial şəbəkə platforması “X” üzərindən vəziyyətlə bağlı açıqlama yayıb. Şirkət təsirlənmiş sistemlərin yenidən başladılması istiqamətində aparılan işlərdə müsbət nəticələr əldə edildiyini və sistemlərin fəaliyyətinin davamlı izlənildiyini bildirib.
“Microsoft” daha əvvəl trafik yükünün artacağı təqdirdə bəzi xidmətlərin yenidən cavab verməməsi ehtimalı barədə xəbərdarlıq etmiş və problemin mənbəyinin araşdırıldığını açıqlamışdı.
“Microsoft” nasazlığın bir neçə regiondakı infrastrukturunda yaranan həddindən artıq yüklənmə ilə əlaqəli olduğunu açıqlayıb.
Bu, şirkətin tətbiqlər və digər iş alətləri kimi xidmətləri təmin edən serverlərinin normalda idarə edə biləcəklərindən daha çox iş yükü ilə üzləşməsi deməkdir.
“Windows” əməliyyat sisteminin istehsalçısı “X” platformasındakı açıqlamasında problemin trafik artımından deyil, çoxsaylı serverlərin gözlənilmədən sıradan çıxmasından qaynaqlandığını bildirib. Qeyd olunub ki, bu vəziyyət infrastrukturun digər hissələrinə əlavə yük yaradıb.
Şirkət həmçinin təsirlənmiş serverlərin əhəmiyyətli hissəsində tutum həddinin aşılmasının nasazlığa səbəb olduğunu vurğulayıb.
“Microsoft” platformalarının bir çox texnologiya xidməti ilə inteqrasiya olunması digər böyük texnologiya şirkətlərinin fəaliyyətinə də təsir göstərib.
Süni intellekt sahəsində fəaliyyət göstərən “OpenAI” “Microsoft” xidmətləri ilə bağlantılarda yaranan problemin bəzi alətlərin gözlənildiyi kimi işləməməsinə səbəb olduğunu və məsələni araşdırdıqlarını açıqlayıb.
“Anthropic” şirkəti də “Microsoft 365” xidmətləri ilə bağlantılarda problem aşkarlandığını bildirib.
Şəbnəm Mehdizadə
