Bakıda SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Komplayens Forumu (Legal & Compliance Forum) keçirilib.
E-huquq.az xəbər verir ki, iki gün davam edən tədbirdə hüquq, komplayens, korrupsiyaya qarşı mübarizə, investisiya mühitinin qorunması və enerji sektorunda hüquqi tənzimləmə məsələləri müzakirə olunub.
Forumun açılış nitqi ilə SOCAR-ın vitse-prezidenti İsmayıl Zərgərli çıxış edərək tədbirin məhz 12 noyabr – Konstitusiya Günündə keçirilməsinin əhəmiyyətindən danışıb.
Forum çərçivəsində açılış nitqindən sonra dövlət qurumlarının və hüquq sahəsinin nümayəndələrinin çıxışları dinlənilib. Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı və Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov tədbirdə çıxış edənlər sırasında yer alıblar.
Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov çıxışında hüquq və komplayens məsələlərinin şirkətlərin dayanıqlı fəaliyyəti və korporativ idarəetmənin keyfiyyəti baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Sədr müavini qeyd edib ki, qlobal iqtisadi münasibətlərin mürəkkəbləşməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi, texnoloji dəyişikliklər biznes subyektlərinin qarşısında yeni vəzifələr qoyur.
Nəzərə çatdırılıb ki, vəkillər biznes subyektlərinə yalnız hüquqi mübahisələr yarandıqdan sonra deyil, müqavilələrin hazırlanması, hüquqi risklərin qiymətləndirilməsi və korporativ idarəetmə sənədlərinin təkmilləşdirilməsi mərhələsində də dəstək göstərə bilərlər.
Şahmar Məmmədov deyib ki, vəkillə sahibkarlıq subyektinə yalnız hüquqi mübahisə yarandıqdan sonra müraciət edilən mütəxəssis kimi yanaşmamalıdır. Onun peşəkar bilik və təcrübəsi şirkətin fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsində, müqavilələrin hazırlanmasında və ekspertizasında, hüquqi risklərin qiymətləndirilməsində, korporativ idarəetmə sənədlərinin təkmilləşdirilməsində mühüm əhəmiyyət daşıyır.
Sədr müavini Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sahibkarlıq subyektlərinin hüquqi ehtiyaclarının öyrənilməsi, qanunvericilikdəki yeniliklərin təhlili və peşəkar təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Forum çərçivəsində iki panel müzakirəsi keçirilib.


