“Qətər ABŞ və İran arasındakı böhranın diplomatik yolla həlli məqsədilə vasitəçilik səylərini davam etdirir“.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari məlumat verib.
Paytaxt Dohada keçirilən mətbuat konfransında ABŞ ilə İran arasındakı danışıqlar prosesinə, ölkəsinin vasitəçilik səylərinə və regiondakı proseslərə toxunub. Vaşinqton və Tehran arasındakı böhranın diplomatik yollarla həlli istiqamətində səylərin davam etdiyini bildirən əl-Ənsari, bu gün İran nümayəndə heyəti ilə görüşün keçiriləcəyini açıqlayıb.
Əl-Ənsari qeyd edib ki, sözügedən görüşdə mövcud təklifləri müzakirə etməyi və tərəflərin mövqeləri arasındakı fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyirlər.
Onun sözlərinə görə, tərəflərə əvvəllər təqdim olunmuş təkliflərlə bağlı fikir ayrılıqlarını azaltmaq və razılığa gəlmək üçün səylər göstəriləcək. Lakin o, görüşün keçiriləcəyi məkanı açıqlamayıb.
Həm ABŞ-ni, həm də İranı təmkinli olmağa çağıran Ənsari bölgədə baş verə biləcək hər hansı yeni hərbi gərginliyin vasitəçilik səylərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ ilə İran arasındakı böhranın təkcə beynəlxalq sülh və təhlükəsizliyi deyil, həm də qlobal ərzaq təhlükəsizliyini və enerji bazarlarındakı sabitliyi təhdid etdiyini vurğulayan Ənsari, mövcud vəziyyətin davam etməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını qeyd etdi. Qəzza zolağındakı hadisələrə toxunan Əl-Ənsari bildirib ki, İsrail atəşkəs razılaşmasını hər gün pozmaqda davam edir. Humanitar yardımın Qəzzaya çatdırıla bilmədiyini və İsrailin bölgədəki hərbi mövcudluğunu və hücumlarını davam etdirdiyini qeyd edən sözçü atəşkəsin tam şəkildə həyata keçirilməsini təmin etmək üçün vasitəçilik səylərinin davam etdiyini vurğulayıb.
Şəbnəm Mehdizadə
