Məzmuna keç

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

E-huquq.az xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olunub.

Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.

Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunulub, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.