Məzmuna keç

Münaqişə zonalarında uşaqlara humanitar yardımın çatdırılmasına maneçilik 16 dəfə artıb

“Münaqişə zonalarındakı uşaqlara humanitar yardımın çatdırılmasına maneçilik halları son on ildə 16 dəfə artıb”.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat “Save the Children” təşkilatının təhlilində yer alır.

Qeyd olunur ki, bu halların əksəriyyəti isə İsrailin soyqırım törətdiyi Fələstində qeydə alınıb.

Humanitar yardımın silah kimi istifadə edilməsi getdikcə daha çox yayılır. Təhlillər göstərir ki, münaqişə zonalarındakı uşaqlar üçün nəzərdə tutulan humanitar yardımın qəsdən əngəllənməsi halları son on ildə 16 dəfə artıb.

BMT tərəfindən təsdiqlənmiş hadisələrin qiymətləndirilməsi, həyati əhəmiyyətli yardımın qarşısının alınmasının müasir müharibələrdə geniş yayılmış bir taktikaya çevrilməsi ilə bağlı narahatlıqları təsdiqləyir.

Təhlilə əsasən, uşaqların humanitar yardıma çıxışının qarşısının alındığı təsdiqlənmiş halların sayı 2015-ci ildəki 509-dan keçən il 8322-yə yüksəlib. Humanitar yardıma çıxışın əngəllənməsi hazırda BMT tərəfindən münaqişə zonalarında uşaqlara qarşı qeydə alınan bütün pozuntuların beşdə birindən çoxunu təşkil edir; on il əvvəl bu rəqəm cəmi 2 faiz idi.Ötən il işğal olunmuş Fələstin ərazisində uşaqların humanitar yardıma çıxışının qarşısının alındığı təxminən 6000 hal qeydə alınıb. Liviyada bu cür 1000-dən çox pozuntu sənədləşdirilib, Ukraynada isə 473 belə hal təsdiqlənib.

Qəzzada qeydə alınan halların təxminən 90 faizinə görə İsrail hakimiyyəti məsuliyyət daşıyır.

“Save the Children UK” təşkilatının humanitar müdafiə üzrə rəhbəri Orlayt Minoq bildirib ki, münaqişələrdən və iqlimlə bağlı fəlakətlərdən ən çox əziyyət çəkənlər uşaqlardır. O əlavə edib ki, beynəlxalq əməkdaşlığın çökməsi humanitar yardıma maneçilik törədilməsi hallarının misli görünməmiş dərəcədə artmasına səbəb olub. Qlobal miqyasda 589 milyon uşaq – təxminən hər dörd uşaqdan biri – münaqişə zonalarında yaşayır. Bu rəqəm, məlumatların toplanmağa başlandığı 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Şəbnəm Mehdizadə