Hindistanın şərqində yerləşən Odişa ştatının altı rayonunda “Akvan” siklonu ilə əlaqədar təxminən 63 min nəfər təhlükəsiz sığınacaqlara köçürülüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Odişa ştatı hökumətinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayılan məlumata görə, Akvan siklonu Ganjam, Gajapati, Puri, Bhadrak, Malkangiri və Rayagada rayonlarında ciddi çətinliklərə səbəb olub.
Bildirilib ki, Ganjam rayonunda 36 min 398, Gajapatidə 16 min 863, Puridə 6 min 310, Bhadrakda 2 min 334, Malkangiridə isə 910 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Rayagada rayonundan köçürülənlərin dəqiq sayı açıqlanmayıb.
Məlumata əsasən, təxliyə olunan şəxslərin yerləşdirildiyi sığınacaqlarda içməli su, qida və ilkin tibbi yardım təmin edilir. Əhalinin təhlükəsiz ərazilərə köçürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Siklonun təsirinə məruz qalan ərazilərdə təcili xilasetmə qrupları, tibb işçiləri və yanğınsöndürənlər də hazırlıq vəziyyətinə gətirilib.
Bundan başqa, torpaq sürüşməsi riski olan 941 kənd müəyyən edilib. Həmin yaşayış məntəqələrində də təxliyə işləri davam etdirilir.
Hindistan Meteorologiya Departamentinin (IMD) məlumatına görə, güclü “Akvan” siklonunun sabah günortaya qədər Andhra-Pradeş ştatının şimalı, Yanam bölgəsi və Odişanın cənub sahillərində quruya çatacağı gözlənilir.
Qurum fırtınanın saatda 90-100 kilometr sürətlə hərəkət edəcəyini, küləyin maksimal sürətinin isə saatda 110 kilometrə çatacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Hindistanda bundan əvvəl də “Murasu” və “Arnab” adlı iki güclü siklon qeydə alınıb. Həmin təbiət hadisələri Andhra-Pradeş ştatında ciddi dağıntılara səbəb olub.
Şəbnəm Mehdizadə
