Məzmuna keç

İndoneziyadakı dünyanın ən qədim qayaüstü təsvirləri məhv olmaq təhlükəsi ilə üzləşib

İndoneziyanın ucqar mağaralarında aşkar edilmiş və yaşı 67 800 ilə çatan, dünyanın məlum ən qədim qayaüstü təsvirləri yox olmaq təhlükəsi ilə üz-üzədir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, rütubət, musson yağışları və artan temperaturun sürətləndirdiyi duz kristallaşması qayanın çatlamasına və rəsmlərin qopub tökülməsinə səbəb olur. Məsaməli əhəngdaşından sızan duz kristalları genişlənib-büzüldükcə bəşəriyyətin ən qədim bədii irsini məhv edir.

İndoneziyadakı mağara rəsmləri Fransa və İspaniyadakı məşhur Avropa nümunələrindən on minlərlə il daha qədimdir. Təkcə Sulavesi adasında 500-dən çox belə məkan mövcuddur. Burada təxminən 51 200 il əvvələ aid dünyanın ən qədim hekayəvi təsviri, həmçinin qədim donuz və ov səhnələri aşkarlanıb. 2026-cı ilin yanvarında açıqlanan yeni lazer analizlərinə əsasən isə Sulavesi yaxınlığındakı Muna adasında tapılan əl təsviri ən azı 67 800 il yaşı ilə hazırkı rekordun sahibidir.

Arxeoloqlar bu sənətkarların adaya təsadüfən deyil, məqsədyönlü şəkildə gəldiklərini və mürəkkəb sosial quruluşa malik olduqlarını vurğulayırlar. Lakin bəzi əsərlər hələ tam sənədləşdirilməmiş aşınır. İndoneziya Milli Tədqiqat və İnnovasiya Agentliyinin arxeoloqu Şinatria Adhityatama yeni rəsmlər tapmağa davam etdiklərini desə də, alimlər həm məlum əsərlərin, həm də hələ kəşf olunmamış irsin əbədi itirilməsindən narahatdırlar. Bu tapıntılar erkən insanların həyatı ilə yanaşı, onların Cənub-Şərqi Asiyadan Avstraliyaya miqrasiya yolunu anlamaq üçün də mühüm əhəmiyyət daşıyır.

Şəbnəm Mehdizadə