Məzmuna keç

Yer qabığının altındakı isti süxurların hərəkəti yüz milyonlarla illik geoloji izləri silir

Alimlər Yer qabığının altındakı isti süxurların hərəkətinin qitələri yüksəldib aşındırdığını və bununla da yüz milyonlarla illik geoloji izləri sildiyini müəyyən ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, adətən süxur qatları zaman keçdikcə üst-üstə yığılır və alimlərə keçmişin iqlimi, eləcə də ətraf mühiti haqqında məlumat verir. Lakin bəzi ərazilərdə bu ardıcıllıq pozulur: aralarında yüz milyonlarla il, bəzi yerlərdə isə bir milyard ildən çox fərq olan qatlar birbaşa yan-yana dayanır. Elmdə “Böyük Uyğunsuzluq” (Great Unconformity) adlanan bu hal Böyük Kanyonda, eləcə də Avropa, Asiya, Afrika və Avstraliyada müşahidə olunub.

“Nature” jurnalında dərc edilən yeni araşdırmada Santoş Dhunqana və Nikolas Flament bu boşluqların səbəbini kompüter modelləri vasitəsilə araşdırıblar. Dhunqana bu mənzərəni ortasından böyük hissəsi qoparılmış kitaba bənzədib.

Araşdırmaya görə, təxminən 1 milyard ilə 540 milyon il əvvəl (Neoproterozoy erası) Yer mantiyasındakı isti süxurların dövranı üç qədim qitə regionunu – Şimali Amerikanın əsasını təşkil edən Laurentiyanı, Şimali Avropadakı Baltikanı və Şimali Çini yuxarı itələyib. Qalxan quru sahələri uzun müddət külək, su və digər təbii amillərin təsiri ilə aşınıb və qədim süxur izləri silinib.

Boşluqların bu günə qədər qorunub saxlanmasının səbəbi isə sonrakı mərhələdə baş verən çökmədir. Həmin ərazilər aşağı enərək su altında qalıb, aşınmış səthlərin üzərində yeni çöküntülər yığılıb və qədim qatlarla cavan qatlar arasında kəskin sərhəd yaranıb.

Modelləşdirmə nəticələri Şimali Amerika, Şimali Avropa və Şimali Çindən əldə edilən real geoloji faktlarla üst-üstə düşüb və Yerin dərinliklərindəki proseslərin planetin görünən tarixinin formalaşmasında həlledici rol oynadığını təsdiqləyib.

Şəbnəm Mehdizadə