Məzmuna keç

Süni intellekt mərkəzləri karbon emissiyalarını 70 faiz artıracaq

Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni illik hesabatına əsasən, ABŞ və Çinin süni intellekt (Sİ) infrastrukturunu enerji ilə təmin etmək üçün qalıq yanacaqlara üz tutması nəticəsində növbəti dörd il ərzində qlobal məlumat mərkəzlərinin karbon emissiyaları 70 faiz artacaq.

E-huquq.az xəbər verir ki, 2030-cu ilə qədər bu mərkəzlərin elektrik enerjisi istehlakının iki dəfə artacağı və bu artımın dörddə üçünün məhz süni intellektlə bağlı olacağı proqnozlaşdırılır.

Hesabatda bildirilir ki, süni intellektə yönəlmiş məlumat mərkəzləri 2030-cu ilə qədər hər il əlavə 350 teravatt-saat elektrik enerjisi istehlak edəcək ki, bu da Böyük Britaniyanın illik ümumi elektrik istehlakından çoxdur. Hazırda dünyada mövcud olan məlumat mərkəzlərinin ümumi gücü 120 giqavat təşkil edir və onilliyin sonuna qədər daha 120 giqavatlıq yeni gücün yaradılması gözlənilir. IEA-nın peyk görüntüləri vasitəsilə apardığı təhlillərə görə, hazırda dünya üzrə tikilməkdə olan 93 irimiqyaslı “süni intellekt fabriki” tamamlandıqda təkcə onların ümumi gücü 50 giqavata çatacaq.

Məlumat mərkəzlərinin enerji təchizatında ölkələr üzrə kəskin fərqlər müşahidə olunur. 2030-cu ilə qədər Çində Sİ məlumat mərkəzlərinin elektrik enerjisinə olan tələbatının təxminən yarısı kömür stansiyaları hesabına ödəniləcək. ABŞ-də isə bu ehtiyacın 60 faizinin təbii qazla təmin ediləcəyi gözlənilir; belə ki, ölkədə məlumat mərkəzləri üçün 180 giqavatlıq yeni qaz stansiyası gücünün yaradılması planlaşdırılır ki, bu da bütün Avropa İttifaqının (Aİ) mövcud qaz stansiyalarının ümumi gücünə bərabərdir. Buna qarşılıq, Aİ ölkələrindəki məlumat mərkəzləri 2030-cu ilə qədər enerji ehtiyaclarının təxminən 70 faizini bərpa olunan mənbələrdən qarşılayacaq.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Yaxın Şərqdəki münaqişənin enerji bazarında yaratdığı sarsıntılara diqqət çəkərək qlobal enerji gələcəyinin qeyri-müəyyən olduğunu vurğulayıb və enerji dünyasının əvvəlki vəziyyətinə qayıtması üçün real yol görmədiyini bildirib. Agentlik qeyd edir ki, qarşıdakı illərdə qlobal enerji mənzərəsi artan əhali, kondisioner sistemlərinə yüksələn tələbat və sürətlə böyüyən süni intellekt iqtisadiyyatını dəstəkləmək üçün hökumətlərin qəbul edəcəyi siyasi qərarlar əsasında formalaşacaq.

Şəbnəm Mehdizadə