Məzmuna keç

Aİ Ukraynaya 7,9 milyard avro maliyyə dəstəyi ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya 7,9 milyard avro maliyyə vəsaiti ayırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, vəsait ölkənin müharibə şəraitində yaranan maliyyə ehtiyaclarının qarşılanması, büdcə xərclərinin maliyyələşdirilməsi və dövlət xidmətlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır.

Aİ Komissiyasının məlumatına görə, maliyyə dəstəyi Ukraynanın bir sıra sahələrdə islahatları həyata keçirməsindən sonra ayrılıb.

Bildirilib ki, Ukrayna Fondu çərçivəsində həyata keçirilən 9-cu ödəniş fondun yaradılmasından bəri bir dəfəyə ayrılan ən böyük maliyyə vəsaitidir. Məbləğin ölkənin maliyyə ehtiyaclarının ödənilməsinə və dövlət idarəçiliyinin fəaliyyətinin davam etdirilməsinə yönəldiləcəyi qeyd olunub.

Aİ-nin 2024=2027-ci illəri əhatə edən Ukrayna Fondu çərçivəsində ölkəyə 50 milyard avrodan çox qrant və kredit dəstəyi göstərilməsi planlaşdırılır.

Bundan başqa, İttifaqın 2026-2027-ci illər üçün qəbul etdiyi 90 milyard avroluq Ukraynaya Dəstək Krediti çərçivəsində 60 milyard avronun müdafiə xərclərinə, 30 milyard avronun isə büdcə dəstəyinə ayrılması nəzərdə tutulub.

Avropa Komissiyasının məlumatına görə, son ödəniş də daxil olmaqla, Aİ və üzv dövlətlərin 2022-ci ildən bəri Ukraynaya göstərdiyi ümumi dəstəyin həcmi 245,5 milyard avroya yüksəlib.

Şəbnəm Mehdizadə