İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hücuma başlamaq imkanını nəzərdən keçirirlər.
E-huquq.az xəbər verir ki, bu barədə CBS News telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyasını İranın ballistik raketlərin istehsalı üzrə potensialını nə qədər sürətlə bərpa etməsi, eləcə də Tehranın hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə mümkün hücumlardan qorumaq istiqamətindəki fəaliyyətinin tempi narahat edir.
CBS News-un məlumatı ABŞ Prezidenti Donald Trampın İranın, ehtimal ki, kimyəvi və ya bioloji silah hazırlamağa çalışdığı barədə iddialar səsləndirməsi fonunda yayılıb. Tramp bu iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib.
Bundan əvvəl, noyabrın 19-da The New York Times (NYT) qəzeti də mənbələrə istinadən yazıb ki, Tramp İrana qarşı genişmiqyaslı hərbi zərbələrin yeni seriyasını endirmək imkanını nəzərdən keçirir. Qəzetin məlumatına görə, buna səbəb yeni kəşfiyyat məlumatları və İsrailin çağırışları olub.
