Azərbaycan Onlayn Xidmətlər İndeksində 67-ci yerdən 11-ci yerə yüksəlib.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, BMT-nin noyabrın 19-da Elektron Hökumətin İnkişafı İndeksi üzrə açıqladığı hesabata əsasən, Azərbaycan 194 ölkə arasında Onlayn Xidmətlər İndeksində 67-ci yerdən 11-ci yerə yüksəlib.
Onun sözlərinə görə, ölkəmiz onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12-ci yer), İslandiya (16-cı yer), ABŞ (18-ci yer), Kanada (20-ci yer), Norveç (22-ci yer) və Avstraliya kimi ölkələri geridə qoyub.
A.Quliyev diqqətə çatdırıb ki, xidmətlərin təqdim edilməsi altindeksi üzrə Azərbaycan dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdə qərarlaşıb.
Deputatın fikrincə, bu nəticə Azərbaycanın rəqəmsal transformasiya sahəsində formalaşdırdığı dövlət idarəçiliyi modelinin beynəlxalq səviyyədə tanınmasını göstərir.
O bildirib ki, əldə olunan nəticə son iki ildə həyata keçirilən rəqəmsallaşma siyasətinin bəhrəsidir. Deputat bu prosesdə Prezident İlham Əliyevin rəqəmsal transformasiyanı dövlət siyasətinin strateji prioritetlərindən birinə çevirməsini, bu sahədə siyasi iradə və sistemli yanaşma nümayiş etdirməsini xüsusi vurğulayıb.
A.Quliyev qeyd edib ki, dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, Rəqəmsal İnkişaf Konsepsiyasının və müvafiq qanunvericilik aktlarının qəbulu bu siyasətin institusional əsaslarını möhkəmləndirib.
O, rəqəmsal keçidin əlaqələndirilmiş və sistemli şəkildə həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinin də əhəmiyyətini vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycanda rəqəmsallaşma ayrı-ayrı texnoloji layihələrin məcmusu deyil, dövlət idarəçiliyinin səmərəliliyini artıran, şəffaflığı gücləndirən, vətəndaş və biznes məmnunluğunu yüksəldən vahid inkişaf strategiyasına çevrilib.
Şəbnəm Mehdizadə
