Məzmuna keç

Deputat Naxçıvana ayrılan dotasiyanın artırılmasını təklif edib

“Cari ilin büdcəsində Naxçıvana 198 milyon manat dotasiya nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 6,4 faiz azdır. Fikrimcə, Naxçıvanda vəziyyət hələ də yaxşılaşmadığı üçün dotasiyanın azaldılması məsələsinə yenidən baxılmalıdır”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Naxçıvana quru yol yoxdur, İran üzərindən daşımaların sabitliyi isə bölgədə yaranmış vəziyyətə görə arzuolunan səviyyədə deyil.

“Orada müəyyən islahatların və iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər var. Yeni idarəedicilər də bu istiqamətdə ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa ciddi layihəni arzuolunan səviyyədə həyata keçirmək mümkün olmur. Ermənistanla münasibətlərdə Azərbaycanı maraqlandıran ən vacib məsələlərdən biri TRIPP layihəsinin icrasına başlanması və bölgədə bu prosesə mümkün maneələrin yaradılmamasıdır. yaxın illərdə layihənin həyata keçirilməsi Azərbaycanın əsas strateji hədəflərindən biri olan Naxçıvanla quru əlaqəsinin açılmasına, eyni zamanda Türkiyə ilə birbaşa quru əlaqələrinin qurulmasına imkan yarada bilər.

Burada sosial problemlər də kifayət qədər çoxdur. İşsizliklə bağlı məsələlər ciddi narazılıq doğurur. Səhiyyə sahəsində də müəyyən problemlər var. Belə ki, bu sahədə çalışan kadrların böyük əksəriyyətinin Bakıda olması Naxçıvan sakinlərinin, xüsusilə də müəyyən xəstəliklərdən əziyyət çəkən insanların paytaxta gedib-gəlməsində ciddi çətinliklər yaradır. Bəzən insanlar müalicə almaqdan belə çəkinirlər. Çünki təyyarəyə bilet alaraq, yanında iki-üç nəfərlə birlikdə Bakıya gəlib müalicə olunmaq maddi baxımdan mümkün olmur.

Ona görə də düşünürəm ki, yollar açılmadıqca dotasiyanı azaltmaq doğru addım olmazdı. Hökumət digər imkanları da nəzərə alaraq, əksinə, bu vəsaiti artırmalıdır. Heç olmasa, xəstəliyə düçar olmuş insanların pulsuz, ödənişsiz şəkildə bir dəfə Bakıya gəlib-getmək imkanı təmin edilməlidir ki, onlar ən azı həyatlarını davam etdirə bilsinlər. Digər məsələlərdə də bu insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün köməklik göstərilə bilər”, – deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə