Məzmuna keç

Razi Nurullayev: “Kənd sakinləri kommunal xidmətlərə görə daha az ödəməlidir”

“Bu gün kənddən şəhərə axının qarşısını almaq üçün ilk növbədə bir məsələni açıq şəkildə qəbul etməliyik ki, insanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil”.

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında söyləyib.

O bildirib ki, kənddə yaşamağın həm iqtisadi, həm də sosial baxımdan real üstünlükləri olmalıdır: “Kəndlə şəhər arasında müəyyən ödəniş və güzəşt fərqləri yaratmalıyıq. Bir ilə yaxındır ki, bu məsələni müxtəlif platformalarda danışrıq. Deputat həmkarım hörmətli Zahid Oruc da bu məsələni davamlı olaraq gündəmə gətirir. Mövqeyim budur ki, kənd sakini işığa, qaza və suya görə şəhər sakini ilə eyni yükü daşımasın. Kənd əhalisi üçün kommunal xidmətlərdə daha aşağı tariflərin tətbiqi nəzərdən keçirilsin. Bu, sadəcə sosial güzəşt deyil. Bu, kənddə yaşayışı və kənd iqtisadiyyatını stimullaşdıran dövlət siyasətinə çevrilməlidir. Eyni yanaşma mənzil məsələsində də olmalıdır. Kənddə ev almaq və ya ev tikmək daha əlçatan olmalıdır. Xüsusilə gənc ailə şəhərdən kəndə köçürsə, onun mənzil məsələsində əlavə imkanları yaranmalıdır”.

Deputatın sözlərinə görə, sahibkarlıq fəaliyyətində də fərqli şərtlər lazımdır: “Kənddə müəssisə yaradan, fermer təsərrüfatı quran, emal sahəsinə investisiya qoyan sahibkara daha əlçatan kredit, faiz güzəştləri və vergi imkanları verilməlidir. İnsan kənddə biznes quranda bilməlidir ki, dövlət onun üzərinə şəhərdəki sahibkarla eyni yükü qoymur. Amma yalnız güzəşt kifayət deyil. Kənddə yol, internet, su, kanalizasiya, məktəb, tibb xidməti, uşaq bağçası və ictimai nəqliyyat da normal səviyyədə olmalıdır və bu sahədə xeyli addımlar atılıb və o dövlət layihələrinin kompleksləşdirilməsi və bir proqramda birləşdirilməsi lazımdır. İnsan kəndə qayıdırsa, övladının təhsilindən, səhiyyəsindən və gündəlik həyatından narahat qalmamalıdır. Ona görə də ayrıca və kompleks Kəndlərin İnkişafı Dövlət Proqramının hazırlanmasına ehtiyac var. Bu proqram yalnız kənd təsərrüfatını əhatə etməməlidir. Kənddə yaşayışın bütün tərəflərini – ev, kommunal xidmətlər, məşğulluq, biznes, kredit, sosial xidmətlər və infrastrukturu bir proqram daxilində birləşdirməliyik”.

R.Nurullayev qeyd edib ki, məqsəd yalnız kənddən şəhərə köçü azaltmaq deyil: “Elə şərait yaratmalıyıq ki, şəhərdə yaşayan insan da kəndə köçməyi öz gələcəyi üçün sərfəli və rahat seçim kimi görsün. Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik. Bunun yolu isə çağırışlardan yox, real iqtisadi və sosial üstünlüklər yaratmaqdan keçir”.

Şəbnəm Mehdizadə