Tarixən Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmətə, açıq siyasi dialoqa və ortaq maraqların irəli aparılmasına xidmət edib. Liderlər arasında münasibətlər hər zaman müsbət olub. Bu gün iki ölkə arasında münasibətlər baxımından tarixi gün hesab oluna bilər. Azərbaycanla Litva arasında müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur. Hazırda daha 7 sənəd üzərində iş aparılır. Yaxın zamanda həmin sənədlərin də tamamlanmasının şahidi olacağıq.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrisi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Litvanın işğaldan azad edilən ərazilərə investisiya yatırdığını deyən nazir qeyd edib ki, bu ölkəyə məxsus şirkət Araz Vadisi İqtisadi Zonasında kifayət qədər böyük mebel istehsalı müəssisəsinin qurulması ilə məşğuldur. Burada nəzərdə tutulan investisiyaların həcmi 50 milyon manat təşkil edir. Müəssisə fəaliyyətə başladıqda işğaldan azad olunmuş ərazilərdə əlavə 600 iş yeri yaradılacaq.
“Ticarət dövriyyəsini hazırkı səviyyədə qənaətbəxş hesab etmək olmaz. Halbuki bu sahədə potensial daha böyükdür. Ölkəmizdə biznesin aparılması üçün mövcud imkanlar və perspektivli sahələr mövcuddur”, – deyə C.Bayramov əlavə edib.
