Məzmuna keç

Alimlər 100 milyon illik qeyri-adi həşərat növünü üzə çıxarıblar

Tədqiqatçılar təxminən 100 milyon il əvvəl yaşamış uzunayaqlı çəyirtkə növünün suyun səthində hərəkət edə bildiyini aşkar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun rəhbərliyi ilə aparılan araşdırma zamanı alimlər 99 milyon illik kəhrəba fosillərinin içərisində əvvəllər məlum olmayan həşərat fəsiləsinə aid çəyirtkə nümunələri aşkar ediblər. Qanadsız, qısa bədənli və uzun ayaqlı bu canlılar tədqiqatçıların diqqətini cəlb edib.

Alimlərin müəyyənləşdirdiyinə görə, dinozavrlarla eyni dövrdə yaşamış bu çəyirtkələr suyun səthi gərilməsindən istifadə edərək su üzərində tarazlıqlarını qoruya biliblər. Onların suyu dəf edən tükləri və arxa ayaqlarının aşağı hissəsində yerləşən yarpaq formalı, avarabənzər çıxıntıları suyun səthində hərəkət etmələrinə imkan verib.

Tədqiqatçılar suyun üzərində hərəkət etmək qabiliyyətinin təbiətdə olduqca nadir rast gəlinən xüsusiyyət olduğunu vurğulayıblar.

Alimlərin fikrincə, eyni kəhrəba parçasında birlikdə qorunmuş doqquz çəyirtkənin ot yeyən canlılar olması və qidalanmaq məqsədilə böyük qruplar halında toplaşması ehtimalını artırır. Bu tapıntı çəyirtkələr və ya cırcıramalar arasında kütləvi qidalanma davranışına dair məlum olan ən qədim sübutlardan biri hesab edilə bilər.

Tədqiqatçılar yeni canlı növünü “Hydrelcana zhangi” adlandıraraq “Hydrelcanidae” adlı yeni həşərat fəsiləsinə daxil ediblər.

Araşdırmanın nəticələri “Proceedings of the Royal Society B: Biological Sciences” elmi jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə