Pakistanın Kəraçi şəhərində tikilməkdə olan 6 mərtəbəli binanın çökməsi nəticəsində azı 2 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları dağıntılar altından indiyədək 10 yaralını çıxarıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisə zamanı binada yalnız tikinti işçilərinin olduğu qeyd olunur.
Kəraçi şəhərinin meri Murtaza Vahab açıqlamasında sözügedən binanın bələdiyyə tərəfindən sökülməsinin nəzərdə tutulduğunu, lakin məhkəmənin icraatın dayandırılması barədə qərarı səbəbindən bu prosesin həyata keçirilmədiyini bildirib.
Mer hökumətin qanunsuz fəaliyyətlərə qarşı tədbir görmək üçün tam səlahiyyətə malik olmasının vacibliyini vurğulayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif də hadisə ilə bağlı başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına səbir diləyib.
Şəbnəm Mehdizadə
