Məzmuna keç

Vəkillərin peşə fəaliyyətini təbliğ etmə hüququ varmı? – MÜSAHİBƏ

E-huquq.az Vəkillər Kollegiyasının üzvü, vəkil, BDU-nun Hüquq fakültəsinin müəllimi, tibb hüququ üzrə ekspert Hikmət Babayevlə müsahibəni təqdim edir:

– Hikmət müəllim, son zamanlar mətbuatda və sosial şəbəkələrdə həkimlərin, eləcə də vəkillərin özlərini reklam etməsinin və ya fəaliyyətini təbliğ etməsinin yolverilməzliyi barədə çoxsaylı fikirlər səsləndirilir. Bu yanaşma hüquqi baxımdan nə dərəcədə əsaslıdır?

– Mən hesab edirəm ki, bu məsələyə emosional və subyektiv yanaşmaq əvəzinə, ilk növbədə hüquqi anlayışların düzgün fərqləndirilməsindən başlamaq lazımdır. Çünki peşəkar fəaliyyət haqqında məlumat vermək, ictimaiyyətin hüquqi və tibbi maarifləndirilməsi, peşə fəaliyyətinin təbliği və kommersiya məqsədli reklam eyni hüquqi məzmun daşımır.

Azərbaycan Respublikasının qanunvericiliyində reklam fəaliyyəti ümumi qaydada tənzimləndiyi kimi, ayrı-ayrı peşə sahələri üzrə xüsusi hüquqi tənzimləmə də mövcuddur. Burada əsas məsələ hansısa peşə sahibinin ictimaiyyətə öz fəaliyyəti haqqında məlumat verməsinin prinsip etibarilə qadağan edilməsi deyil, həmin məlumatın qanunvericiliyin müəyyən etdiyi məhdudiyyətlərə uyğun olub-olmamasıdır.

Hüquqi dövlətdə hər hansı fəaliyyətin qadağan edilməsi barədə nəticə sosial şəbəkələrdə formalaşmış ictimai rəyə və ya ayrı-ayrı şəxslərin subyektiv mülahizələrinə deyil, konkret hüquq normasına əsaslanmalıdır.

– Bəs vəkillərin öz fəaliyyətlərini təbliğ etməsi qanunvericiliklə nəzərdə tutulubmu?

– Bu məsələ ilə bağlı xüsusi hüquqi norma mövcuddur. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin III hissəsində birbaşa göstərilir ki, vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər yalnız öz fəaliyyətinin təbliği ilə bağlı vəkilliyin rəmzlərindən istifadə edə bilərlər.

Bu normanın hüquqi məzmunu ondan ibarətdir ki, qanunverici vəkillik fəaliyyətinin ictimaiyyətə tanıdılmasını, onun təbliğini hüquqi institut kimi qəbul edir. Əks halda, vəkillik fəaliyyətinin təbliği ilə bağlı xüsusi hüquqi müddəanın qanunda nəzərdə tutulmasının məntiqi də olmazdı.

Bununla yanaşı, həmin Qanunun 15-ci maddəsinin II hissəsində vəkilin öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsul və vasitələrdən istifadə etmək hüququ təsbit edilmişdir.

Deməli, vəkilin öz ixtisası, peşə təcrübəsi, göstərdiyi hüquqi xidmətlər, elmi və praktiki fəaliyyəti haqqında ictimaiyyətə məlumat verməsi özlüyündə qanunazidd hesab edilə bilməz.

Lakin burada mühüm bir sərhəd var: təbliğat vəkil etikasına, vəkil sirrinin qorunması prinsipinə, peşəkar davranış qaydalarına və reklam haqqında qanunvericiliyin tələblərinə zidd olmamalıdır.

– Bəs həkimlərin öz peşə fəaliyyətlərini tanıtması məsələsi necə tənzimlənir?

– Həkimlərin fəaliyyəti ilə bağlı məsələyə də eyni hüquqi ardıcıllıqla yanaşmaq lazımdır.

Azərbaycan Respublikasında “Özəl tibb fəaliyyəti haqqında” Qanun mövcuddur. Həmin Qanunun 1-ci maddəsində özəl tibb fəaliyyətinin subyektləri sırasına özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər daxil edilmişdir.

Qanunun 5-ci maddəsi özəl tibbi praktikanın həyata keçirilməsi şərtlərini, 15-ci maddəsi isə özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqlarını müəyyən edir.

Burada digər mühüm hüquqi məqam da nəzərə alınmalıdır: özəl tibb fəaliyyətinin müvafiq təşkilati-hüquqi forma çərçivəsində həyata keçirilməsi sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi münasibətlər yaradır. Bu münasibətlərə, fəaliyyətin xarakterindən və təşkilati formasından asılı olaraq, sahibkarlıq qanunvericiliyinin müddəaları da tətbiq edilir.

Lakin özəl tibb müəssisəsində əmək müqaviləsi ilə çalışan hər bir həkimin avtomatik olaraq fərdi sahibkar hesab edilməsi düzgün olmazdı.

Digər tərəfdən, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi tibbi xidmətlər, dərman vasitələri, tibbi təyinatlı texnika və müalicə metodları ilə bağlı reklam münasibətlərini xüsusi qaydada tənzimləyir.

Məsələn, həmin maddənin 29.1-ci hissəsinə əsasən, yalnız reseptsiz buraxılan dərman vasitələri və istifadəsinə müvafiq qaydada icazə verilmiş tibbi vasitələr, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Eyni zamanda, 29.5-ci və 29.8-ci hissələrdə konkret reklam qadağaları müəyyən edilmişdir.

Lakin bu müddəalardan bütün həkimlərin öz peşə fəaliyyəti haqqında istənilən formada məlumat verməsinin qadağan edildiyi nəticəsi çıxarıla bilməz. Tibbi xidmətlərin reklamına dair xüsusi məhdudiyyətlərlə həkimin elmi, pedaqoji, maarifləndirici və peşəkar fəaliyyəti haqqında məlumat verməsi fərqli hüquqi məsələlərdir.

– Deməli, həkimin televiziya və sosial şəbəkələrdə çıxış etməsi, tibbi mövzularda məlumat verməsi də reklam hesab edilə bilməz?

– Tamamilə doğrudur. Burada tibbi maarifləndirmə ilə kommersiya reklamını fərqləndirmək lazımdır.

Həkimin xəstəliklərin profilaktikası, müasir diaqnostika üsulları, müalicə metodları, sağlam həyat tərzi və digər tibbi məsələlər barədə ictimaiyyətə elmi əsaslandırılmış məlumat verməsi, ilk növbədə, hüquqi və sosial baxımdan əhəmiyyətli maarifləndirmə fəaliyyətidir.

Üstəlik, həkimin peşəkar biliklərini cəmiyyətlə bölüşməsi səhiyyə sahəsində məlumatlılığın artırılmasına xidmət edir.

Bununla belə, həkimin çıxışından konkret kommersiya məhsulunun təşviqi, elmi cəhətdən sübut olunmamış müalicə metodunun reklamı, pasiyentlərdə əsassız gözləntilərin yaradılması və ya tibbi nəticələrə təminat verilməsi məqsədilə istifadə edilməsi yolverilməzdir.

Dünya Tibb Assosiasiyasının 2015-ci ildə qəbul edilmiş və 2024-cü ildə yenilənmiş “WMA Guidelines on Promotional Mass Media Appearances by Physicians” (“Həkimlərin kütləvi informasiya vasitələrində reklam xarakterli çıxışlarına dair Dünya Tibb Assosiasiyasının Tövsiyələri”) sənədi də məhz bu yanaşmanı müdafiə edir. Sənəddə həkimlərin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə iştirakının ictimai sağlamlıq baxımından əhəmiyyəti qəbul edilir, eyni zamanda onların elmi sübutlara əsaslanmayan məlumatlar yayması, kommersiya məhsullarını təşviq etməsi və peşə keyfiyyətlərini şişirdilmiş formada təqdim etməsi məhdudlaşdırılır.

– Bəs beynəlxalq hüquq bu məsələyə necə yanaşır? Vəkillərin öz fəaliyyətlərini tanıtmaq və ictimaiyyətlə ünsiyyət qurmaq hüququ beynəlxalq standartlarla qorunurmu?

– Əlbəttə. Bu məsələni Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və beynəlxalq peşə standartları kontekstində qiymətləndirmək lazımdır.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığını, 59-cu maddəsi isə azad sahibkarlıq hüququnu təsbit edir.

Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi məlumat və ideyaları ifadə etmək, yaymaq azadlığını qoruyur. Bu azadlıq peşəkar fəaliyyət haqqında məlumatların yayılmasını da prinsip etibarilə əhatə edə bilər. Lakin onun məhdudlaşdırılması qanunilik, legitim məqsəd və demokratik cəmiyyətdə zərurilik meyarlarına cavab verməlidir.

Daha konkret olaraq, Avropa Şurasının 13 may 2025-ci il tarixli Vəkillik peşəsinin müdafiəsi haqqında Konvensiyası (CETS No. 226) bu məsələni ayrıca hüquqi standart kimi müəyyən edir.

Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin «i» bəndində vəkillərin ictimaiyyəti öz xidmətləri haqqında məlumatlandırmaq hüququ təsbit olunub. 7-ci maddə isə vəkillərin ifadə azadlığını, hüquqi məsələlərin ictimai müzakirəsində və insan hüquqlarının müdafiəsində iştirakını qoruyur.

Xüsusilə vurğulamaq istərdim ki, bu Konvensiyanın Azərbaycan üçün məcburi hüquqi qüvvəsi məsələsi onun imzalanması və ratifikasiya statusundan asılıdır. Buna görə də onu hazırda birbaşa tətbiq edilən milli hüquq norması kimi deyil, Avropa məkanında formalaşmış mühüm beynəlxalq hüquqi standart kimi qiymətləndirmək daha düzgündür.

– Vəkillərin və həkimlərin ictimai çıxışları, sosial şəbəkələrdə paylaşdıqları məlumatlar hansı hallarda qanunazidd hesab oluna bilər?

– Mən burada üç əsas meyarın fərqləndirilməsini vacib hesab edirəm.

Birincisi, məlumatın həqiqiliyi və obyektivliyi. Peşə sahibi öz ixtisası, təcrübəsi, elmi dərəcəsi, peşə nailiyyətləri və göstərdiyi xidmətlər haqqında yanlış və ya şişirdilmiş məlumat yaymamalıdır.

İkincisi, peşə etikası. Vəkil vəkil sirrini, müştərinin konfidensiallığını və peşəkar davranış qaydalarını, həkim isə pasiyent sirrini, tibbi etika normalarını və pasiyentin hüquqlarını qorumalıdır.

Üçüncüsü, reklam qanunvericiliyinin xüsusi məhdudiyyətlərinə riayət olunması. Məsələn, tibbi xidmətlərə münasibətdə qanunla qadağan edilmiş reklam üsullarından istifadə, vəkillik fəaliyyətində isə yanıltıcı və etikaya zidd təqdimat yolverilməzdir.

Bununla yanaşı, elmi məqalə, akademik çıxış, hüquqi şərh, tibbi maarifləndirici video və ya müsahibənin sırf mütəxəssisin adının çəkilməsi və peşəkar fəaliyyətinin tanınması səbəbindən reklam hesab edilməsi düzgün yanaşma deyil.

Hər bir konkret halın hüquqi mahiyyəti onun məzmunu, məqsədi, təqdim edilmə forması və müvafiq qanunvericiliyin tələbləri əsasında müəyyən edilməlidir.

– Sonda bu məsələdə cəmiyyətə və sosial şəbəkələrdə fikir bildirən şəxslərə nə demək istərdiniz?

– Mən hesab edirəm ki, hüquqi dövlətin əsas xüsusiyyətlərindən biri hüquqi məsələlərin emosiyalarla deyil, hüquqi normalarla qiymətləndirilməsidir.

Həkim və vəkil cəmiyyət üçün mühüm sosial funksiyanı yerinə yetirən peşə sahibləridir. Onların fəaliyyəti yalnız konkret pasiyentə və ya hüquqi yardım üçün müraciət edən şəxsə xidmət göstərməklə məhdudlaşmır.

Xüsusilə vəkillər hüquqi maarifləndirmə işində də mühüm rol oynayırlar. Vəkillərin böyük bir qismi eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olur, ali təhsil müəssisələrində dərs deyir, elmi məqalələr yazır, hüquqi problemləri şərh edir, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürür və ictimai müzakirələrdə iştirak edir.

Bütün bunlar yalnız fərdi peşə fəaliyyətinin deyil, bütövlükdə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Eyni yanaşma həkimlərə də aiddir. Onların tibbi bilikləri ictimaiyyətlə bölüşməsi, elmi yenilikləri izah etməsi və səhiyyə sahəsində maarifləndirmə aparması cəmiyyətin sağlamlıq mədəniyyətinin yüksəldilməsinə töhfə verir.

Ona görə də mən hesab edirəm ki, müzakirənin predmeti həkimlərin və vəkillərin ümumiyyətlə reklam edib-etməməsi deyil, onların peşə fəaliyyətini hansı hüquqi və etik sərhədlər daxilində təbliğ edə bilməsidir.

Qanunla qadağan edilməyən peşəkar məlumatlandırma və maarifləndirmə fəaliyyətini qadağan edilmiş reklam fəaliyyəti ilə eyniləşdirmək olmaz. Hüquqi qiymətləndirmə isə şəxsi mülahizələrə deyil, konkret hüquq normasına və onun düzgün şərhinə əsaslanmalıdır.