İslandiya sahillərində balıqçı gəmisinin batması nəticəsində 3 dənizçi həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə İslandiyanın İctimai Yayım Korporasiyası (RÚV) məlumat yayıb.
Məlumata görə, Raufarhöfn limanında fəaliyyət göstərən balıqçı gəmisi əlverişsiz hava şəraiti səbəbindən batıb.
İslandiya Sahil Mühafizəsinin məlumatına görə, gəmi kapitanının suyun göyərtəyə dolması ilə bağlı təcili yardım siqnalı verməsindən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Gəmidə olan 17 nəfərlik heyətdən 14-ü xilas edilib, 3 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.
İslandiyanın Baş naziri Kristrun Frostadottir keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə əməliyyatının çətin şəraitdə həyata keçirildiyini bildirib.
“Sağ qalanların olub-olmadığı bəlli deyildi. Həm axtarış-xilasetmə helikopterinin, həm də ekipajın üzvləri əsl cəsarət nümayiş etdirdilər”, – deyə baş nazir vurğulayıb.
Şəbnəm Mehdizadə
