ABŞ-də bir kişinin ailəsindən miras qalan köhnə adyal təxminən 180 illik nadir tarixi artefakt olduğu üzə çıxıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya sakini Loren Krytzer illərlə şkafda saxladığı adyalın əsl dəyərini 2011-ci ildə öyrənib. O, televiziyada oxşar Navaho toxumasının 500 min dollar dəyərində qiymətləndirildiyini gördükdən sonra ailə yadigarını ekspertizaya təqdim edib.
Araşdırmalar nəticəsində örtüyün təxminən 1840-cı ildə hazırlanmış nadir Navaho qəbilə başçısı örtüyü olduğu müəyyən edilib.
Əşyanın ailəyə keçməsi isə 1870-ci illərə təsadüf edir. Krytzerin əcdadı, norveçli immiqrant Con Çantlend onu Dakota Ərazisindəki mağazasında apardığı mübadilə nəticəsində əldə edib. Örtük təxminən 142 il ərzində ailədə nəsildən-nəslə ötürülüb.
İlkin olaraq 100-200 min dollar arasında qiymətləndirilən tarixi örtük 19 iyun 2012-ci ildə Kaliforniyanın Pasadena şəhərində keçirilən hərracda satışa çıxarılıb. Kolleksionerlərin təklifləri nəticəsində onun qiyməti 1,5 milyon dollara yüksəlib, hərrac rüsumları ilə birlikdə ümumi məbləğ 1,8 milyon dollara çatıb.
Şəbnəm Mehdizadə
