Argentinada işini itirən Alfredo Alberto Santa Cruz qızına oyuncaq ev almağa imkanı olmadığından plastik butulkalardan ev tikmək qərarına gəlib. Kiçik bir oyuncaq layihəsi kimi başlayan təşəbbüs illər sonra turistlərin maraq göstərdiyi məkana çevrilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci illərin əvvəllərində Argentinada baş verən iqtisadi böhran nəticəsində işsiz qalan elektrik ustası Santa Cruz ailəsini dolandırmaq üçün karton, qutu və plastik butulkalar toplamağa başlayıb. O, 2001-ci ildə topladığı tullantı materiallarından ev inşa edib.
Misiones əyalətinin Puerto İquasu şəhərində yerləşən və “La Casa de las Botellas” (Butulkalar evi) adlanan tikilinin inşasında 1 200 plastik butulka, 1 300 Tetra Pak qablaşdırması və 140-dan çox CD qutusundan istifadə olunub. Evdəki mebel və digər əşyalar da əsasən təkrar emal edilə bilən materiallardan hazırlanıb.
Bu gün ailə biznesi kimi fəaliyyət göstərən ev turistlərlə yanaşı, tələbələri və müxtəlif ziyarətçi qruplarını da qəbul edir. Ziyarətçilərə tullantı materiallarından tikinti və mebel hazırlanması üsulları barədə məlumat verilir.

Şəbnəm Mehdizadə
