Taylandın paytaxtı Banqkokda yerləşən iri neft emalı müəssisəsində partlayış baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər berir ki, partlayış paytaxtın cənub-şərqində yerləşən Bang Na bölgəsindəki “Bangchak” neft müəssisəsində qeydə alınıb.
Hadisə nəticəsində 4-ü ağır olmaqla, ümumilikdə 7 nəfər xəsarət alıb.
Hadisədən sonra Bang Na Yerli İdarəetmə Ofisi yaxın ərazilərdə yaşayan sakinlərə müraciət edərək müəssisənin ətrafındakı zonaları tərk etmələrini istəyib.
Banqkok bələdiyyəsinin rəsmiləri bildiriblər ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə cəlb edilən yanğınsöndürmə briqadaları təxminən bir saat ərzində yanğını söndürə bilib.
Partlayışın səbəbləri və dəymiş ziyanın miqyası araşdırılır.
Müəssisənin operatoru olan “Bangchak Corp” şirkəti isə “Facebook” səhifəsində yaydığı açıqlamada zavodda istehsalın müvəqqəti olaraq dayandırıldığını bildirib.
Şəbnəm Mehdizadə
