Konqo Demokratik Respublikasında Ebola epidemiyası yayılmaqda davam edir.
E-huquq.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi epidemiya ilə bağlı son statistik məlumatları açıqlayıb.
Məlumata görə, indiyədək 12 min 21 nəfərdə Ebola virusuna yoluxma təsdiqlənib, 5 min 904 nəfər isə həyatını itirib.
Münaqişələr və əhalinin epidemiyaya qarşı mübarizə tədbirlərinə göstərdiyi müqavimət virusun yayılmasını sürətləndirən amillər kimi göstərilir. May ayında yalnız bir vilayətdə qeydə alınan virus indiyədək İturi, Şimali Kivu və Cənubi Kivu da daxil olmaqla, ölkənin 8 vilayətinə yayılıb.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərində və Konqo Demokratik Respublikasının Yambuku bölgəsində eyni vaxtda baş verən epidemiyalar zamanı aşkarlanıb.
Xəstəlik adını KDR-də ilk yoluxma hallarının qeydə alındığı kəndin yaxınlığından keçən Ebola çayından götürüb.
Virus 2013-cü ilin dekabrında Qərbi Afrikada da yayılmağa başlayıb. 2014–2016-cı illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiya zamanı 30 mindən çox insan virusa yoluxub, onlardan 11 mindən çoxu həyatını itirib.
KDR-in şərqində yerləşən İturi vilayətində 246 şübhəli yoluxma halı və 65 ölüm qeydə alındıqdan sonra mayın 15-də ölkədə epidemiya elan edilib.
Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında yayılmağa başlayan “Bundibugyo” Ebola variantına qarşı təsdiqlənmiş müalicə üsulu və peyvənd mövcud deyil.
Şəbnəm Mehdizadə
