Məzmuna keç

İngiltərədə miqrasiya son 30 ilin ən aşağı səviyyəsinə düşüb

İngiltərədə illik xalis miqrasiya COVID-19 pandemiyası dövrü istisna olmaqla, 1997-ci ildən bəri ən aşağı həddə enib. Son 12 ayda bu göstərici 204 mindən 77 minə düşüb.

E-huquq.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, iyunun sonunadək olan 12 ay ərzində ölkəyə 738 min nəfər köçüb, 661 min nəfər isə ölkəni tərk edib.

Beləliklə, 2023-cü ilin martında 944 min nəfərlə rekord həddə çatan illik xalis miqrasiya təxminən 90 faiz azalıb.

Azalmanın əsas səbəblərindən biri əvvəlki hökumətin iş vizalarına tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən miqrantların ailə üzvlərini ölkəyə gətirməsinə qoyulan qadağalar və yüksək maaş tələbləri olub.

Hazırkı hökumət də miqrasiya qaydalarını sərtləşdirməyi planlaşdırır. Bu çərçivədə daimi yaşayış icazəsi almaq üçün tələb olunan standart müddətin 5 ildən 10 ilə qaldırılması nəzərdə tutulur.

İngiltərənin daxili işlər naziri Şabana Mahmud hökumətin miqrasiya üzərində nəzarəti bərpa etdiyini bildirib.

Bununla yanaşı, iqtisadçılar miqrasiyanın azalmasının ölkədə işçi qüvvəsinin daralmasına, iqtisadi artımın zəifləməsinə və dövlət maliyyəsinə əlavə təzyiqə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Şəbnəm Mehdizadə