Məzmuna keç

Türkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı sənədi ratifikasiya etdi

Türkmənistan Məclisi (parlamenti – Report) “ Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkmənistan dövlət agentliyi məlumat yayıb.

Müvafiq memorandum Türkmənistan parlamentinin altıncı çağırışının videokonfransla keçirilən on üçüncü iclasında qəbul edilib.

Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək.

Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.