Məzmuna keç

Erməni terrorçu birləşməsinin daha bir neçə üzvünün məhkəməsində ittiham aktı elan edidi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

E-huquq.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar ötən ilin noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər və dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Habelə həmin şəxslər ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Hakim söyləyib ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmə istintaqında təsdiqini taparsa, onlar 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Prosesdə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər ifadə verəcək.