“Met-AK” MMC “Soyuzaqrokontrakt” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Met-AK” ümumilikdə 237 630 manat pul borcunun qaytarılmasını istəyib.
Məhkəmə sənədləri nəzərdən keçirərək hesab edib ki, iddiaçı “Met-AK” MMC-nin elektron iddia ərizəsi qaytarılmalıdır.
Belə ki, cavabdeh “Soyuzaqrokontrakt” MMC-nin hüquqi ünvanı (Abşeron rayonu, Xırdalan şəhəri, ev 1) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin dislokasiyasına aid olan Abşeron rayonu ərazisində yerləşir. Buna görə də iddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.
Məhkəmənin qərarına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.
Xatırladaq ki, “Met-AK” MMC Azərbaycanda plastik boru, kənd təsərrüfatı təyinatlı məhsulların (meyvəçilikdə istifadə olunan müxtəlif ölçülü taraların) istehsalı ilə məşğul olur.
2007-ci ilin mart ayında təsis edilən “Soyuzaqrokontrakt” MMC isə kənd təsərrüfatı mallarının istehsalı, tədarükü və satışı həyata keçirir.
