Sumqayıtda ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Sumqayıt şəhərinin – 1-ci mikrorayon ərazisində qeydə alınıb. 24 yaşlı Cəlilabad rayon sakini Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən S.Nadirov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
