"Prezident həm Ermənistana, həm də onların havadarlarına açıq şəkildə mesaj verdi ki, “status” heç bir halda danışıq predmeti ola bilməz".
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi ilə əlaqədar danışarkən deyib.
O bildirib ki, sözügedən agentlik təkcə İspaniyada deyil, bütün dünyada tanınmış, nüfuzlu bir agentlikdir və reytinqinə görə Assoşeyted Press, Yunayted Press İnterneşnl, Röyter və Frans Press agentlikləri ilə birlikdə ilk beşlikdə təmsil olunur. Odur ki, cənab Prezidentin belə bir geniş auditoriyaya məxsus agentliyə müsahibə verməsi Azərbaycan həqiqətlərini, haqlı mövqeyimizi dünyaya çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir: "Onu da vurğulamaq yerinə düşər ki, məlum müsahibə Prezidentin EFE İnformasiya Agentliyinə ilk müsahibəsi deyil, belə ki, keçən ilin noyabr ayında da ölkə başçısının eyni agentliyə müsahibəsi olmuşdu. Agentliyin indi müsahibə üçün yenidən müraciət etməsi isə Azərbaycanla bağlı məlumatlara marağın ən bariz göstəricisidir. Elə bu marağın nəticəsidir ki, müsahibədən keçən 2 gün ərzində artıq İspaniyanın eldiario.es, timepost.es, spain.shafaqna.com, andaluciainformacion.es kimi xəbər portalları, eləcə də İsveçrənin ictimai teleradio yayım korporasiyası beynəlxalq onlayn-platformasının ispandilli swissinfo.ch versiyası cənab İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırıblar. Ümumiyyətlə, son günlər ölkə başçımızın müsahibələrinin artması bir daha onu göstərir ki, döyüş meydanında müharibə bitsə də, informasiya cəbhəsində savaş hələ də davam edir və bu savaşın ön sırasında yenə də Prezident İlham Əliyev dayanıb".
Politoloq qeyd edib ki, Prezident müsahibədə bir sıra olduqca vacib məsələlərə toxundu və bunlardan biri də Azərbaycanın sülhə hazır olması ilə bağlı idi: "Prezident Azərbaycanın Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyində olduğunu, sərhədlərin delimitasiyası və demarkasiyasına, eləcə də sülh sazişi üzərində Ermənistanla birgə işləməyə hazır olduğumuzu bildirdi və dövlətimizin bu təşəbbüslərinə Ermənistan tərəfdən hələ də müsbət cavab gəlmədiyini bildirdi. Prezidentin bu fikirləri heç şübhəsiz ki, dünya birliyinə sülh istəməyənin məhz Ermənistan olduğunu çatdırmaq məqsədi daşıyırdı və Prezident də öz müsahibələrində bu faktı dəfələrlə vurğulamaqla, həm də sülh çağırışı edən ayrı-ayrı dövlət və beynəlxalq təşkilatlara Ermənistana təzyiq göstərilməsi üçün mesaj vermiş olur. Ermənistana və onun havadarlarına ünvanlanmış digər bir mesaj heç şübhəsiz ki, “status” məsələsi ilə bağlı oldu. Prezident “Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Qarabağda yaşayan 25 minə yaxın etnik erməni isə Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil” deməklə, açıq şəkildə mesaj verdi ki, “status” heç bir halda danışıqlar predmeti ola bilməz. Hazırda danışıqların və müzakirələrin yeganə mövzusu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların, ən əsası isə Zəngəzur dəhlizinin açılması işinin sürətləndirilməsi ola bilər.
Prezident həmçinin Ermənistanın cinayətləri və beynəlxalq riyakarlığından danışaraq “hərbi əsirlər”lə bağlı manipulyasiyalara da cavab vermiş oldu. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb deyən Prezident, bununla da Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən və dörd hərbçimizi və mülki insanımızı qətlə yetirən 62 nəfərdən ibarət qrupun heç bir halda hərbi əsir hesab olunmamasını, növbəti dəfə bu məsələ ilə bağlı haqsız yerə Azərbaycanı hədəf almış beynəlxalq təşkilatların diqqətinə çatdırmış oldu. Bununla da Prezident həmin məsələ ilə bağlı manipulyasiya etməyə cəhd göstərən beynəlxalq təşkilatları riyakarlığa son qoymağa və haqsız yerə Azərbaycanı hədəf almaqdansa, Ermənistanın bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən boyuq qaçırmasına münasibət bildirməyə çağırdı. Çünki məhz Ermənistanın bütün beynəlxaq konvensiyaları pozaraq minalanmış ərazilərinin xəritələrini verməməsinin nəticəsidir ki, həmin minalar 150 nəfər mülki vətəndaş və hərbçimizin həlak olması və ya yaralanmasına səbəb olub".
Y. Bağırzadə deyib ki, Prezidentin müsahibəsində digər bir vacib məqam Avropa İttifaqının mövqeyi ilə bağlı idi: "Məlumdur ki, Avropa İttifaqı müharibədən sonra Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım paketini təsdiqləyib. Amma nədənsə Azərbaycanla bağlı eyni səpkili hər hansı bir qərar qəbul olunmayıb. Prezident də bu məsələyə diqqət yönəldərək faktiki olaraq aparılan ikili siyasətə münasibət bildirmiş oldu və eyni həcmdə məbləğin, eyni şərtlərlə Azərbaycana da ayrılması ilə bağlı gözləntilərini dilə gətirdi. Doğurdan da təcavüzkar bir ölkəyə o həcmdə maliyyə ayırıb, 10 min kvadrat kilometr tamamilə dağıdılmış ərazisi olan, dağıdılmış yüzlərlə şəhər və kəndləri olan Azərbaycana müvafiq maliyyənin ayrılmaması heç bir halda başa düşülən deyil və bu baxımdan da Prezidentin iradları tamamilə haqlı və yerindədir. Prezident həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında da danışaraq ölkəmizin 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi çıxış etdiyini və Avropa ölkələrinə verdiyimiz təbii qazın qiymətinin digər mənbələrdən daxil olan qazdan ucuz olduğunu bildirdi. Bununla Prezident həm də Avropa izləyicisinə ölkəmizin etibarlı iqtisadi tərəfdaş olduğunu çatdırmış oldu.
Sonda qeyd edim ki, Prezident öz müsahibəsi ilə regionda yaranmış yeni reallıqların müəllifinin Azərbaycan olduğunu və təbii olaraq regionda formalaşacaq yeni münasibətlərin də məhz Azərbaycanın diqtəsi ilə həyata keçiriləcəyini Avropa izləyicisinin nəzərinə çatdırmış oldu”.
Xəyalə Bünyatova
