Məzmuna keç

“Ermənistanın Gəncədə törətdiyi terror əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib”

"44 günlük Vətən müharibəsi dövründə Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Bu hücum nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub: "2020-ci ilin oktyabrın 11-də gecə saatlarında şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qaldı. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində xeyli mülki şəxs həlak oldu və ya yaralandı. Bütün bu faktlarla bağlı, Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud formada pozması barədə beynəlxalq təşkilatlara Azərbaycan tərəfindən lazımi müraciətlər olunub. Lakin təəssüf ki, ikili standartlar yenə də özünü göstərir. Bir il keçməsinə baxmayaraq, hərbi əməliyyatlar zamanı törədilmiş insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına hələ də beynəlxalq hüquqi qiymət verilməyib".

M.Cəfərov qeyd edib ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

"Beynəlxalq humanitar hüququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməli və bu cinayət əməllərinə görə məsuliyyət daşıyan Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirləri görülməlidir", – deyə deputat vurğulayıb.

Xəyalə Bünyatova