"Rəqəmsal inzibatçılığın genişləndirilməsi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulması üçün xüsusi əhəmiyyət daşıyır”.
E-huquq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.
“Onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1,8 dəfə artaraq, 15,6 mlrd. manata çatıb”, – nazir bildirib.
M.Cabbarov əlavə edib ki, 2021-ci ildə ölkəmizdə özəl sektorda investisiya fəallığı kifayət qədər yüksək olub:
“Qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala investisiyalar (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3% artaraq 4,5 mlrd. AZN-ə çatıb”.
Nazir qeyd edib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya davam edir:
“2021-ci ildə #səyyarvergiyoxlamaları-nın sayı 2018-ci illə müqayisədə 4,5 dəfə azalsa da, 1 səyyar vergi yoxlamasına düşən hesablanmış vergi məbləği 4 dəfə artıb. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90%-ə yaxınlaşıb”.
