Vətəndaş kredit borcuna görə əlindən alınan evini geri qaytarmaq istəyir.
E-huquq.az-ın redaksiyasına müraciət edən Mehman Babayev bildirir ki, 2016-cı ildə pul krediti götürüb, lakin sonradan borcu ödəyə bilmədiyi üçün məhkəməyə verilib.
“2016-cı ildə “FİNOKO” Bank Olmayan Kredit Təşkilatından 15 min dollar məbləğində kredit götümüşəm. O zaman məndən 4 min dollar “şapka” da aldılar. Hər ay 834 manat kredit pul ödəyirdim. Lakin sonradan müəyyən səbəblərə görə 1 il yarım ərzində krediti ödəyə bilmədim. Ona görə də “FİNOKO” məni məhkəməyə verdi. Borcdan təxminən 20 min manatadək ödəmişəm. İddiaçı 22 min dollar borcum olduğunu bildirirdi, lakin Xəzər Rayon Məhkəməsi bu məbləği 17607 dollar, yəni təxminən 30 min manat həcmində müəyyən etdi”, – deyə M.Babayev bildirib.
Onun sözlərinə görə, məhkəmə BOKT-un xeyrinə qərar çıxarıb: “Borcun ödənilməli olduğu barədə qərar verildi. Ona görə də evimi hərraca qoydular. Hərracda evə 44 min 500 manat qiymət qoydular və “FİNOKO” evi alıb öz balansına keçirdi. Həmin məbləğdən 30 min manat borcuma görə çıxıldı, qalan 14 min 500 manat pul isə icrada mənim üçün saxlanıldı. Dedilər, evdən çıx, get pulunu da götür”.
Şikayətçi evini qaytarmaq üçün lazım olan məbləği ödəməyə hazır olduğunu, lakin “FİNOKO”nun ondan qeyri-qanuni olaraq, əlavə pul tələb etdiyini deyir: “Hazırda mən həmin evdə yaşayıram. Evi qaytarmaq üçün 30 min manat pul təklif edirəm. Hətta hərracdan mənə qalan 14 min 500 pulu da onların hesabına ödəməyə hazıram. Amma məndən əlavə 20 min manat pul istəyirlər. Soruşuram ki, niyə? Deyirlər ki, biz hərrac keçirmişik, icraya pul vermişik, bu 4 il ərzində xərclərimiz çıxıb. Deyirəm, məgər bunlara 20 min manat pul xərcləmisiz ki? Axı bu, düzgün deyil. Mən 20 min manat verə bilmərəm, heç olmasa 2-3 min desəz, verərəm. Bu yaxınlarda “FİNOKO”nun əməkdaşları icra məmurları ilə birgə məni evdən çıxarmaq üçün gəlmişdilər. Orda da izah etdim ki, 30 min və hərracdan mənə qalan 14 min 500-ü verirəm, sənədlərimi verin. Mənim 20 min əlavə verəcək pulum yoxdur. Razılaşmırlar. Mən də çarəsiz qalmışam”.
M.Babayev bildirib ki, məsələnin hüquqi yolla həllini tapması üçün ölkə başçısına müraciət edəcək.
****
“FİNOKO”nun Problemli aktivlərin idarə edilməsi departamentinin direktoru Nofəl İbrahimov məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında bildirdi ki, Mehman Babayevin iddiası həqiqətə uyğun deyil.
"Mehman Babayevin fikirləri həqiqəti əks etdirmir. “FİNOKO” qanunlara uyğun şəkildə fəaliyyət göstərən qurumdur. Ondan 1 manat da artıq pul istəməmişik. Biz hər zaman kompromisə getməyə, müştərilərin vəziyyətinə uyğunlaşmağa çalışırıq. Mən şəxsən özüm dəfələrlə Mehman Babayevin qapısına gedib xahiş etmişəm ki, borcu vaxtında ödəsin, əks halda onlar üçün çətinliklər yarana bilər. O isə sözlərimə əhəmiyyət verməyib. Hazırda Mehman Babayev həmin evdə yaşayır. Son olaraq, fevralın 14-də borcu ödəyəcəklərini demişdi, amma ödəmədi. Ona görə də artıq məhkəmə qərarı icra olunmalı və o, evdən çıxmalıdır", – deyə N.İbrahimov qeyd edib.
