"Artıq xoş ənənə halını almış "CEO Breakfast Baku", Klub üzvlərimizin əvəzolunmaz netvorkinq platformasına çevrilib. 2021-ci ilin iyul ayından bu günə kimi Bakıda və Azərbaycanın müxtəlif regionlarında 30-dan çox "CEO Breakfast" keçirilib".
E-huquq.az xəbər verir ki, bunu "Caspian Energy Club"ın Sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib.
"Fevralın 18d-ə keçirilən növbəti "CEO Breakfast"da bizim Başkortostan Respublikasından qarşıladığımız 14 şirkəti təmsil edən 25 nəfərdən ibarət deleqasiya da iştirak edib. Tədbir çərçivəsində bir sıra B2B görüşlər keçirilib. "CEO Breakfast" post-lokdaun dövründə mühüm rol oynayır, şirkət rəhbərləri və nümayyəndələri üçün ünsiyyət yaratmaq, öz xidmət və məhsullarını həm "Caspian Energy Club"un üzvlərinə həmdə klubdan kənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır. Hər "CEO Breakfast"da iştirak edən çoxsaylı şirkətlər bir-biri ilə yaxından taniş olub, öz satışlarını rahatlıqla həyata keçirə bilir. Bizim statistikamıza əsasən, şirkətlər hər tədbirdən, sayı 5-dən az olmayan satış əldə edirlər", – deyə o qeyd edib.
Telman Əliyevin sözlərinə görə, “CEO Breakfast"ın unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada görüşüb ünsiyyətə girə bilirlər: "Bu netvorkinq imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, buda öz növbəsində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına yol açır. “CEO Breakfast" çərçivəsində aktual sual və təkliflər müzakirə olunur, fikir mübadiləsi aparılır".
O qeyd edib ki, "CEO Breakfast" hər həftənin cümə günü 09:00-da fərqli məkanlarda "Caspian Energy Club"un üzvləri və qonaqlarının iştirakı ilə keçirilir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən"Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
