Yasamal rayon Məhkəməsində Günay Axundova adında bir hakim var. Cavan bir xanımdır. 21 fevral saat 10:10-a vəkil olduğum mülki işə iclas təyin edib. Saat 09:50-də artıq məhkəmədə zalın qarşısında idim. Düz 09:55-də iclas katibi zalın qapısını açdı. Bu arada qarşı tərəfin də vəkili gəldi. Düz saat 10:10-da hakim məhkəmənin hazırlıq iclasını başladı.
Hazırlıq iclası yekunlaşdı, hakim qarşı tərəf sübutlarını təqdim edə bilsin deyə növbəti hazırlıq iclasının gününü təyin etmək üçün vəkillərə uyğun gün və saatı soruşdu. Nəhayət, 3 mart tarixinə anlaşdıq. İndi qalırdı saatını müəyyən etmək. Bir balaca da bəxtim gətirdi.
Belə ki, həmin gün 11:10-da həmin hakimdə başqa bir işim təyin edilmişdi. Günortadan sonra ağır cinayətlərdə işim var deyə, günün birinci yarısına təyin edilməsi şərt olub. Lap rahatam ki, hər iki işi bitirib, rahat ağır cinayətlərə gedəcəm.
Hakim əvvəl 11:10-dan sonraya təyin etmək istədi. Hakimə 11:10-dakı işin ağır keçəcəyini, çox vaxt alacağını dedim. Hakim razılaşdı, iclası 09:50-ə təyin etdi. Deməli, eyni hakimdə, eyni gündə bir iş 09:50-ə, digər iş 11:10-a təyin edildi.
Və heç bir hakimdən eşitmədiyim o cümləni hakim dilə gətirdi. "İlqar müəllim, iki iclas arasında gözləyəcəksiniz həə, vaxtınız itəcək."
Deməli, hakim əmindir ki, ilk iclası 09:50-də başlayacaq, hazırlıq iclası olduğu üçün maksimum 30 dəqiqə çəkər. Deməli, vəkil 50 dəqiqə gözləməli olacaq. 50-cə dəqiqə.
Saatlarla məhkəmə zalında iclasın başlamasını gözləyən, hakimlərin lovğa-lovğa, heç bir şey olmamış kimi, qıp-qırmızı zala girməsini görən biri olaraq, cavan bir hakimin vəkillərə münasibətdə bu qədər nəzakətli olması valideynlərindən ona verilən ən dəyərli mirasdır.
Çox sağ olun, Günay xanım.
İlqar Musayev
Vəkillər Kollegiyasının üzvü
