“Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var”.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
Podolyak əlavə edib ki, atəşkəs və təhlükəsizlik təminatı ilə yanaşı, əsas siyasi məsələlər üzrə intensiv məsləhətləşmələr davam etdirilib.
***
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Belovejskaya Puşada keçirilən danışıqların üçüncü raundu başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi Teleqram kanalında məlumat yayıb.
Danışıqların 3 saat davam etdiyi bildirilir.
***
19:00
Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb.
Bu barədə e-huquq.az "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, danışıqlar yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 18:50) başlayıb
***
18:16
Bu gün Belarusda Rusiya-Ukrayna danışıqlarının yeni raundu keçiriləcək.
E-huquq.az xəbər verir ki, nümayəndə heyətləri sayca üçüncü mərhələdə Belovejskaya Puşçada görüşəcəklər.
Danışıqların günortadan sonra, Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) baş tutması gözlənilir.
Ukrayna və Rusiya bu dəfə də bağlı qapılar arxasında əlaqə saxlamağa razılaşıblar.
Xatırladaq ki, tərəflər arasında birinci danışıq fevralın 28-i Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-ü Belarusun Brest vilayətində keçirilib.
Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.
Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.
***
“Sputnik Belarus” xəbər verir ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundu üçün Belarusa uçub.
Bildirilir ki, Ukrayna nümayəndə heyətinin danışıqların üçüncü raunduna hansı tərkibdə gələcəyi məlum deyil.
***
Rusiya nümayəndə heyəti artıq Belarusa çatıb. Eyni zamanda, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya həmkarları ilə yolda olduğunu bildirib.
***
TASS-ın məlumatına görə, Ukrayna nümayəndə heyəti iki helikopterlə Rusiya ilə danışıqların üçüncü raundu üçün Belovejskaya Puşçaya gəlib.
