Məzmuna keç

Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı –

Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib.

E-huquq.az xəbər verir ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub.

Belə ki, o, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.

Lakin müharibəyə etiraz olaraq “Müharibəyə yox” plakatı ilə studiyaya daxil olan Marina Ovsyannikova saxlanılıb. Bu barədə “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib. Marina studiyadakı aksiyasına başlamazdan əvvəl video-müraciət hazırlayıb. O, atasının ukraynalı, anasının rus olduğunu və onların heç vaxt düşmən olmadıqlarını deyib.

“Təəssüf ki, mən son illər “Birinci Kanal”da işləyirəm, Kremlin təbliğatını aparıram. İndi isə mən bundan çox utanıram. Televiziya ekranından yalan danışmağa icazə verdiyim üçün utanıram. Rus xalqını zombiləşdirməyə icazə verdiyim üçün utanıram”.

Vəkil Pavel Çikov bildirib ki, Ovsyannikovaya qarşı Rusiya silahlı qüvvələrini nüfuzdan salmaq üçün İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə əsasən hərbi senzura haqqında protokol tərtib edilib.